20 iyul 2018 21:41
1099

MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların dinc həyatını təmin etmək üçün mühüm vəzifə həyata keçirir

“MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən zaman deyib.

“Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, - deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğuladı, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb.

Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.