15 dekabr 2018 00:04
1925

Çingiz Hüseynzadə: Dünya Azərbaycanın idman təcrübəsindən yararlanır

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 11-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib. Tədbirdəki nitqində ölkəmizin bu sahədə qazandığı uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, eləcə də bu il idmanın inkişafında əməyi olan insanları təltif edbi. “İki sahil” internet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin bu dəfəki mövzusu məhz 2018-ci ilin idman yekunları, mövzu ilə bağlı qonağımız isə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadədir.

- Çingiz müəllim, ilk olaraq 2018-ci ildə qazandığımız idman uğurlarından danışaq. Bu ili əvvəlki illərdən fərqləndirən əsas cəhətlər hansılar idi?

-Belə demək mümkünsə, həqiqətən də 2018-ci il əvvəlki illərdən fərqlənmədi. Çünki 1997-ci ildən- yəni, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən etibarən idman ölkəmizdə gündən-günə inkişaf edir və nailiyyətlərimiz artır. İndiyə qədər idmanda ən yüksək nailiyyətlərimizi 2017-ci ildə əldə etmişik. Cənab Prezident də dünənki çıxışında qeyd etdi ki, Rioda qazanılan uğuru təkrar etmək çətin olacaq. Buna baxmayaraq, biz çalışacağıq ki, daha yüksək uğurlar qazanaq. Eyni zamanda, biz 2018-ci ili bir növ 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq ili kimi qəbul edirik. Ona görə bəzi idmançılar istirahət edirdilər, bəziləri daha başqa təlim-məşq toplantılarında iştirak edirdilər. Buna baxmayaraq, bu il bizim nəticələrimiz yenə də yüksək olub. Cənab Prezidentin qeyd etdiyi kimi, 2800-dən artıq medal qazanmışıq. Dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirak etmişik. 2018-ci ilin ən məsul yarışlarından biri Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən gənclərin olimpiyadası olub. Biz bu olimpiyadada cəmi 17 idmançı ilə iştirak edib, 7 medal qazanmışıq. Bu, çox gözəl nəticədir. Hansı ki, biz həmin gənclərin 2020-ci ildən sonrakı dövrdə böyüklər arasında yarışlarda iştirakını gözləyirik. Onlar gələcəkdə Azərbaycanın dünya və Avropa çempionları olacaqlar.Ümumiyyətlə, 2018-ci il əvvəlki illər kimi uğurlu olmuşdur və bizim əsas məqsədimiz 2020-ci ilə hazırlıqdır.

- Qeyd etdiniz ki, bu gün qazandığımız uğurlar gələcək üçün zəmin hazırlayır. Belə nəticəyə gəlirik ki, əslində bu il qazanılan uğurlar da bundan əvvəlki illərdə hazırlanmış zəminin nəticəsidir. Bu mənada dövlətin idmana diqqətini göstərən amillərdən danışaq.

-Bilirsiniz, mərasimdə cənab Prezident də qeyd etdi ki, yeniyetmə dövründən müxtəlif dünya, Avropa, qitə yarışlarında  müvəfəqiyyət qazanan idmançılar olmasa biz böyüklər arasında keçirilən yarışlarda yüksək nəticələr əldə edə bilmərik. Çünki idman bir gündə əmələ gələn məsələ deyil. Bir dünya miqyaslı idmançının hazırlanmasına minimum 10 il vaxt lazımdır. Hər bir idmançı üç dövrdən keçir. Yeniyetməlik, ilkin gənclik, böyüklər arasında yarışlar dövrü. Təbii ki, bizim bugünkü uğurlarımız əvvəlki illərdə qazandığımız uğurların nəticəsidir. Bunu bir daha qeyd edirəm ki, biz yeniyetmələrin Olimpiya oyunlarında medal qazanmışıqsa, bu, o deməkdir ki, həmin gənclər bir neçə ildən sonra Azərbaycanı böyük idmanda təmsil edəcəklər. Yeniyetməlik dövründən qazanılan uğur və sonrakı illərdə o uğurun davam etdirilməsi göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün sistemli islahatlar aparılır.

- Sevindirici hal ondan ibarətdir ki, həmin gənclər sırf paytaxtda yetişən gənclər deyillər. Eyni zamanda, Azərbaycanın bütün bölgə və regionlarından gələn gənclərdir. Deyə bilərikmi ki, bu reallqıda bölgələrdə yaradılan Olimpiya komplekslərinin xüsusi rolu var?

- Əlbəttə, xüsusi və önəmli rolu var. Bilirsiniz, idman Olimpiya kompleksləri yaradılanda əsas məqsəd güclü idmançıların yetişdirilməsi deyildi. Əsas məqsəd rayonlarda idmanı təbliğ etmək və idmanla məşğul olmaq üçün insanlara əlverişli şərait yaratmaq idi. Bu gün bu komplekslərdə təkcə uşaqlar deyil, böyüklər, yaşlılar da məşğul olurlar. Əlbəttə ki, bu ümumi sağlamlıq daxilində yeniyetmələr, uşaqlar gəlib profesional idmanla da məşğul olmağa başlayırlar. Nəticə ancaq keyfiyyətdən ibarət deyil, təbii ki, kəmiyyətin də mühüm rolu var. Yəni,  biz idmanın kütləviliyinə nail olmaq istəyirik. Bunun üçün şərait lazımdır. Uşaqlar bilməlidirlər ki, gəlib burada idmanla məşğul olacaqlar, onların üstlərində məşqçilər olacaq, onlara düzgün təlim-tərbiyə verəcəklər. Bununla da onlar güclü idmançı kimi yetişə biləcəklər.

- Çingiz müəllim, Azərbaycan bu gün həm də beynəlxalq idman yarışlarının təşkilatçısı və ev sahibidir. Gənc bir dövlətin belə beynəlxalq yarışlara ev sahibliyi etməsi və təşkilatşısı rolunda çıxış etməsi üçün hansı vacib səbəblər var idi ki, bizdə onlar mövcud idi?

İlk növbədə lider lazım idi. Bizim başqa ölkələrdən ən böyük üstünlüyümüz ondan ibarət idi ki, Milli Olimpiya Komtiəsinin prezidenti bizim dövlət başçımızdır. Yəni, birbaşa o, Milli Olimpiya Komitəsinin vəzifəsini yerinə yetirəndə ölkənin Prezidenti kimi səlahiyyətlərə malikdir. Bu, çox böyük və vacib məqamdır. Ona görə də biz yarışları yüksək səviyyədə təşkil edə bildik. Növbəti ildə də biz böyük bir Avropa festivalı keçirəcəyik. Bilirsiniz ki, hansısa yarışı təşkil etmək üçün əvvəlcə təşəbbüs göstərmək, seçkidə iştirak etmək lazımdır. Amma biz o  vaxt Birinci Avropa Oyunlarını aldıq  və Avropaya kömək etdik. Çünki həmin yarışlar Minskdə keçirilməli idi. Minsk isə bu yarışları boynuna götürəndən sonra gördü ki, yarışları keçirmək iqtidarında deyil. Avropa Olimpiya Komitəsinin rəhbəriliyi isə bir ağızdan dedilər ki, əgər bu yarışları Minskdə keçirmiriksə, bu işin öhdəsindən gələ biləcək ölkə yalnız Azərbaycandır. Bizə müraicət etdilər, xahiş etdilər. Biz də razılğımızı verdik və yarışları təşkil etdik. Bu, onu göstərir ki, Azərbaycan hər səviyyəli yarışların keçirilməsinə hazırdır. Bu, təkcə məkan, maliyyə ilə bağlı məsələ deyil. Bu, eyni zamanda, mütəxəssislərlə bağlı vəzifədir. Yəni, Azərbaycanda artıq istənilən tədbiri istənilən səviyyədə keçirmək üçün mütəxəssislər hazırlanıb. Biz Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında minlərlə mütəxəssislər hazırlamışıq. Bu gün həmin mütəxəssislər dünyanın bir çox ölkələrində Azərbaycanı təmsil edirlər. Məsəsələn, Minskdə keçiriləcək Avropa Oyunlarına mütəxəssis kimi azərbaycanlılar dəvət olunublar və iştirak edirlər. Keçən il Türkmənistanda Asiya Oyunları keçirildi və Azərbaycandan mütəxəssislər dəvət olundu. Biz artıq idman yarışlarını keçirmək üçün  Azərbyacan brendi yaratmışıq və bütün mütəxəssislər yarışları təşkil etmək üçün Azərbaycana müraciət edirlər.

- Nəzərə alsaq ki, idmanda qazanılan uğurlar təkcə bu sahənin inkişafı baxımından yox, ümumilikdə ölkənin maraqları baxımından önəmlidir, onda idmanın ölkə üçün önəmini daha yaxşı başa düşərik, elə deyilmi?

- Bilirsiniz ki, hələ ulu öndər Heydər Əliyev deyirdi ki, idman kimi Azərbaycanı tanıdan ikinci bir vasitə yoxdur. Həqiqətən idman Azərbaycanı tanıdır. Çünki dünya əhalisinin əksəriyyəti idmana bağlı insanlardır. İstər-istəməz Avropa, dünya çempionatları kimi yarışlarda tamaşaçıların sayı milyardlarla ölçülür. Onlar hər dəfə Azərbaycan adını eşidir və Azərbaycan heç kim üçün naməlum bir ölkə deyil. Əksinə, idmansevərlər üçün Azərbaycan tanınmış ölkədir. Rio Yay Olimpiya Oyunlarında Azərbyacan 18 medal qazandı. Heç kim təəccüblənmədi, çünki Azərbaycan buna qadirdir. İstənilən yarışlarda Azərbaycan idmançısı medal qazananda, bu, normal qəbul olunur. Amma 20 il öncə biz nə bir beynəlxalq yarışa ev sahibliyi edə bilirdik, nə də bir beynəxalq yarışa idmançı göndərəndə ondan ümid gözləyə bilirdik. Bu gün isə vəziyyət tamamilə başqadır.

- Son illərdə hansı idman növünün inkişafının şahidi olmağı gözləyirdik və bunu bacardıq?

- Maraqlı sualdır və bu suala mən Boenus Ayresdə keçirilən idman yarışlarının nəticələri ilə cavab vermək istəyirəm. Biz orada 7 medal qazandıq və bu medallar hamısı ayrı-ayrı idman növlərindən idi. 7 idman növündən 7 medal. Aralarında qızıl, gümüş, bürünc də var idi. Adətən əvvəllər öyrəşmişdilər ki, Azərbaycan güləşdə ancaq medal qazana bilər. Amma biz bu gün avarçəkmə, güllə atıcılığı, boks, cüdo, gimnastika, yüngül atletika, üzgüçülük və s. kimi idman növlərində də nailiyyətlər əldə edirik. Artıq idmançılarımız bu idman növlərində finallara çıxırlar. Məsələn, atletika çox ağır idman növüdür. Bu il bu idman növündə bizim medallarımız oldu. İstər gəncər, istərsə də yaşlılar arasında. Bununla bərabər Azərbaycanın ənənəvi idman növləri də var. Aydındır ki, güləş o dərəcədə populyardır ki, bu idman növü Azərbaycanı həmişə şöhrətləndirib. Çünki Azərbaycan idmançıları hələ Sovet dövründən bu idman növündə dünya və Avropa çempionatlarında medallar qazanıblar. Komanda idman növləri hələ ki, bizdə o qədər də güclü inkişaf etməyib. Bunun da müəyyən səbəbləri var. Buna baxmayaraq, bu il bizim voleybolçu qızlarımız Yaponiyada keçirilən dünya çempionatının finalında iştirak etdilər. İkinci mərhələyə keçə bildilər. Bu özü də böyük uğurdur.

- Azərbaycan, eyni zamanda, o ölkələrdəndir ki, idmançıların həm də sosial həyatlarının yaxşlaşdırılması istiqamətində onlara xüsusi dəstək göstərir..

- Bu maraqlı suala görə təşəkkür edirəm. Çünki idmançıların gənc yaşlarından müəyyən imtiyazlar qazanması bir çox adamlara bəzən təəccüblü gəlir ki, bu idmançının 20 yaşı var və belə mükafatlar alır, ev alır, maşın alır. Amma bir şeyi nəzərdə saxlamaq lazımdır ki, idmançının idman həyatı çox qısadır. İdmançı 30 yaşına kimi idmançıdır. 30 yaşından sonra o artıq idmançı deyil. İdman karyerası başa çatandan sonra onların çox az bir qismi özünü işlə təmin edə bilir. Çünki idmançı olan müddətdə təhsilə o qədər də fikir verə bilməyib. Ona görə də idmançılar sonradan ya baş məşqçi işləyir, ya da güc orqanlarında fiziki imkanlarına görə müəyyən vəzifələrdə çalışırlar. Əksəriyyəti isə qazandığını elə idmanla məşğul olduğu dönəmdə qazanır. Cənab Prezident bunu dəfələrlə qeyd edib ki, biz idmançını idmançı olduğu dövrdə qiymətləndirməliyik və ona gələcək həyatını qurmaq üçün şəraiti indi yaratmalıyıq. Biz indi Milli Olimpiya Komitəsində Beynəxlaq Olimpiya Komitəsi ilə bərabər yeni bir proqram hazırlayırıq. İdmançının idmandan sonrakı həyata uyğunlaşdırılmasını təşkil etməliyik. İdmançıya idmanı bitirəndən sonra imkan yaratmalıyıq ki, savadını artırsın, iş təcrübəsi qazansın. İdmançılara bu cür diqqət və kömək  etmək, onları dəstəkləmək çox vacibdir. Bütün bu dəstək məhz cənab Prezidentin şəxsi təşəbbüsüdür. Dünən biz bunun bir daha şahidi olduq.

- Çingiz müəllim, aydın məsələdir ki, idmanın inkişafı üçün işlər sistemli şəkildə qurulub və icra olunur. Bəs sizcə, daha böyük uğur qazanmaq üçün hansı səbəblər var ki, onlara daha çox diqqət ayırmalıyıq?

- Əlbəttə ki, kütləviliyə. İlk növbədə müxtəlif idman növlərinin kütləviliyini təmin etməliyik. Açıq deməliyik ki, bizdə kütləvilik o dərəcədə deyil. Məsələn, ənənəvi idman növlərində bu, var. Amma elit idman növlərində kütləvilik kifayət qədər deyil. Bu da ondan irəli gəlir ki, bir gənc istedadlıdırsa, o, bütün bütün idman növləri üçün istedadlıdır. O, hansı idman növü ilə məşğul olsa, uğur qazanacaq. Bizim uşaqlar da ənənəvi idman növlərinə-güləşə, cüdoya gedirlər. Onlar da orada uğur qazanırlar. Amma həmin idmançılar atletikaya getsələr,  yenə də uğurlu olacaq. Çünki bunun istedadı var. Ona görə də biz bu səviyyəni bərabərləşdirməliyik. Yəni, insanlar həm güləş, həm böyük tennis, həm  gimnastika, həm üzgüçülüklə məşğul olsalar idman növləri arasındakı balans qurular. Məsələn, bizim əsas problemlərimizdən biri üzgüçülüyü inkişaf etdirməkdir. İdmandan başqa insanların həyatı üçün çox vacib bir idman növüdür. Bunun üçün xüsusi idman hovuzları olmalıdır. Yeni hovuzlar, idman zalları tikilməlidir. Bu istiqamətdə işlər hələ ki, gedir. Yəni, idmanla məşğul olmaq istəyən hər bir uşaq evinə yaxın yerdə rahat yer tapmalıdır. Əsasən yaşayış məntəqlərində də idman infrastrukturu daha da yaxşılaşdırılmalıdır.

- Şübhəsiz ki, dediyiniz kütləviliyin bərpa olunması üçün vacib məqamlardan biri də kütləvi informasiya vasitələri ilə əlaqələrdir. İş mexanizmini necə qurursunuz?

- Bəli. Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Müasir media sahəsində Azərbaycan Rio Olimpiadasında dünya onluğuna düşdü. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti dünyada ən güclü Olimpiya komitəsinin siyahısına daxil oldu. Məhz bu yarışların müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması, yayımlanması sahəsində xeyli irəliləyiş var. Bilirsiniz ki, Milli Olimpiya Komitəsində hər böyük yarışdan sonra “Zəfər günləri” tədbiri var. Oraya bütün jurnalistlər dəvət olunur. Milli Olimpiya Komitəsi bu sahədə xeyli işlər görür. Biz kütləvi informasiya vasitələri ilə iş birliyinin qurulması və qazandığımız uğurların istər yerli, istər xarici media orqanlarında işıqlandırılması məsələsində digər ölkələrdən xeyli qabaqdayıq.

Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”