15 iyun 2018 00:56
2675

15 İyun: Qurtuluşun zəfər günü

İyunun 14-də Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Pirallahı RİH-in əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rəsm və kitablarından ibarət sərgiyə baxıblar.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildiyini və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib.

V. Rəhimzadə qeyd edib ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Ulu Öndər qısa müddət ərzində Azərbaycanı vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan  Ümummilli Liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan xalqının Ümummilli Lideri böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu: “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət mənada dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Ulu Öndərin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti,  özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı”.

Natiq bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib. Qeyd edib ki, böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub: “İnkişaf etmiş, zəngin Azərbaycan və  vətəndaşlarının firavan həyatının təmin edilməsi 15 İyun-Milli Qurtuluş Günü ilə bağlıdır. Buna görə də Azərbaycan vətəndaşı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir. Arxada qalan hər gün ölkəmizin həyatında mühüm uğurlarla  yadda qalır. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasətin nəticəsidir. Xalqımız bu siyasətin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Bu birlik möhkəm əsaslara söykənir”.

YAP Siyasi Şurasının üzvü İradə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. O, bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!    

İ.Hüseynova vurğulayıb ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın təkidli tələbi ilə paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük insan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi.

Natiq onu da vurğulayıb  ki, əslində Milli Qurtuluş Günündə xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi: “Şimaldan, Cənubdan və Qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsindən sonra Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Ulu Öndərin üzərində qaldı.  Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Dahi siyasətçi Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatların reallaşdırılması, bazar iqtisadiyyatının bərqərar olunması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının və aqrar islahatın həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur və bugünkü uğurlarımızın əsasında dayanan başlıca faktorlar kimi qəbul edilməlidir”.

Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir deyən İradə Hüseynova xüsusi vurğulayıb ki, bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli davamçısı, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimizin və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir.

Bayram tədbiri Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Rayon məktəbliləri tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib. Tədbir zamanı tanınmış incəsənət ustalarının çıxışları bayrama xüsusi rəng qatıb.