18 noyabr 2017 00:42
1090

Bizim apardığımız siyasət yeganə düzgün siyasətdir

Bu günlərdə iyirmi beş illik yubileyi bütün ölkə miqyasında təntənə ilə qeyd olunan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi tarixində möhtəşəm yer tutur. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın müstəqil və milli dövlət quruculuğunun tarixi demək olar ki, YAP-ın və onun qurucularının adı ilə bağlıdır. Bu baxımdan, partiyanın 25 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsinin mühüm ictimai-siyasi əsasları vardır.

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində partiyanın təntənəli yubiley tədbirində YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitq 25 illik dövrdə təşkilatın xidmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Prezidentin sözügedən çıxışı məzmun etibarı ilə dolğun olmaqla yanaşı, partiyanın çoxşaxəli fəaliyyətinin əhatə edilməsi baxımından da əhəmiyyətlidir.

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yarandı

Prezident İlham Əliyev təntənəli tədbirdəki çıxışında partiyanın yaranmasının tarixi və zəruri şərtlərini geniş və məzmunlu şəkildə ifadə etmişdir: “İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və Ulu Öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi”.

Bu fikirlər Yeni Azərbaycan Partiyasının yarandığı dövrün siyasi mənzərəsini özündə dolğun ehtiva edir. Partiyanın hansı çətinlikliklərlə, necə əzmkarlıqla yaradılması, təşkilatın yaranmasında xidmətləri olan insanların əməyinə verilən yüksək qiymət, partiyanın ilk Sədri, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən addımları Prezidentin nitqində öz əksini tapmışdır. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətin istək və arzularından doğan bir siyasi təşkilat olduğunun bariz ifadəsidir. 

YAP-ın siyasi meydana çıxması tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Bir qrup vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürərək o zaman Naxçıvan MR Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət etmiş, Ümummilli Lider bu ziyalıların və onların arxasında olan milyonların arzusuna müsbət cavab verərək yeni yaradılan siyasi təşkilata rəhbərlik etmək missiyasını öz üzərinə götürmüşdür.

Ulu Öndər və Yeni Azərbaycan Partiyasının tarixi uğurları

1992-ci ilin noyabr ayında yaradılan siyasi təşkilat bir ildən də az müddət sonra ölkənin ağır ictimai-siyasi taleyini öz çiyinlərində daşımalı oldu. Təbii ki, burada böyük siyasi təcrübəyə malik olan partiyanın lideri, dahi siyasətçi Heydər Əliyev şəxsiyyəti, onun siyasi qabiliyyəti və ustalığı mühüm faktor idi. Məhz bu amillərə görə yeni partiya müstəqilliyini təzəcə qazanmış bir dövlətin ağır problemlrini öz üzərinə götürməyi bacardı və onu uğurla irəli apardı.

Prezident İlham Əliyev yuxarıda qeyd edilən nitqində ümummilli lider Heydər Əliyevin YAP-la bağlılığı, bu vəhdətin Azərbaycanın siyasi tarixindəki uğurların əsası olması faktorunu məzmunlu şəkildə ifadə etmişdir: “1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir... Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu”.

YAP bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Bu gün partiya öz ətrafında 700 mindən çox üzvü birləşdirir. Onların 40 faizi isə gənclərdən ibarətdir. Bu, o deməkdir ki, YAP qazandığı uğurlarla, gördüyü böyük işlərlə yeni nəsli, gəmcləri öz ətrafında toplaya bilir. Beləliklə, bu siyasi təşkilat haqqında “Gələcəyin partiyası” ifadəsinin işlədilməsi olduqca təbiidir. Partiyanın Sədri, ölkə Prezidenti hər zaman bu amili yüksək qiymətləndirir: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

Ölkənin milli maraqları və ərazi bütövlüyünün təmin edilməsi prioritetdir

Yeni Azərbaycan Partiyasının bütün fəaliyyəti Azərbaycanın milli maraqlarına xidmət üzərində qurulub. Bunun nəticəsidir ki, 24 il ərzində ölkədə keçirilən bütün seçkilərdə partiya xalqın böyük etimadını qazanmış, hər bir seçki prosesinin şəksiz qalibi olmuşdur. Prezident sözügedən nitqində bu uğurların tarixi köklərini haqlı olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlamışdır: “Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. O illərdə bizim milli ideologiyamız - azərbaycançılıq ideologiyası təqdim edildi və xalq tərəfindən bəyənildi. O illərdə Azərbaycan beynəlxalq təcriddən çıxa və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişdir”.

Əlbəttə, bugünkü uğurların qazanılması vaxtıilə qoyulan möhkəm təməlin bəhrəsidir. Prezident bunu böyük vəfa hissi ilə ifadə etmişdir: “Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bilmişdir və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur”.

Hər bir siyasi təşkilatın uzun müddətli qalibiyyətinin arxasında böyük əməli fəaliyyət, gərgin iş dayanır. Uzun illər xalqın dəstəyini qazanmağa nail olmaq sadəcə təbliğatla mümkün ola bilməzdi. Bu etimadın davamlılığını təmin edən əsas faktoru YAP-ın xalqımızın rifah halının yüksəlməsində, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında, iqtisadi inkişafın davamlılığında axtarmaq lazımdır. Son 14 ildə görülən işlər Azərbaycanı dünya miqyasında ən sürətli inkişaf edən ölkələr siyahısına daxil edib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən partiyanın Sədri, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və praqmatik siayasət nəticəsində hazırda Azərbaycan həm iqtisadi inkişafına görə, həm də beynəlxaql aləmdəki statusuna görə bölgənin lider dövlətlərindən birinə çevrilib. Həyata keçirilən böyük beynəlxalq layihələr nəticəsində ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən açar dövlətə çevrilib. Bu gün iqtələlərarası yolların qapıları məhz Azərbaycandan açılır.

Prezident çıxışında qarşıda duran vəzifələrə də geniş yer verib. Bu sırada Azərbaycan üçün həllli vacib problemlərdən birincisi kimi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllli və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi başlıca məqsəd kimi qeyd edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir”.

Prezident İlham Əliyev sözügedən nitqində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin konturlarını dəqiq göstərmişdir. Bu, ərazi bütövlüyünün qey-şərtsiz təmini, müstəqil siyasət, iqtisadi tərəqqi, demikratik inkişaf yoludur.

Taleh Turqut, “İki sahil”