20 yanvar 2018 19:54
2063

Qanlı yanvar hadisələri xalqımızın azadlıq arzusunu boğa bilmədi

Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-cı ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, şəhərin hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, minlərlə sumqayıtlı memorial “Şəhidlər xiyabanı” kompleksinə gələrək 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni və Vətənin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.

Sumqayıtlılar da 20 Yanvarı yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlayırlar. Sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. İyirmi Yanvar hadisələri milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaradıb. Qanlı Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. O dəhşətli gecədə baş verən qanlı hadisələrdən zaman etibarilə uzaqlaşsaq da, xalqımız şəhidlərimizi heç vaxt unutmur, onları həmişə yad edir.

Anım mərasiminin iştirakçıları Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində Ceyranbatan qəsəbəsi ərazisində 20 Yanvar faciəsi zamanı şəhid olmuş Sumqayıt alimləri – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsini də ziyarət ediblər. Xatırladaq ki, alimlər işdən Bakıya qayadan zamanı onların dövlət nişanlı “Lada” markalı avtomobilini BTR əzərək üzərindən keçib. Xatirə abidəsini ziyarət edən şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri abidənin önünə tər çiçəklər düzüb, alimlərin ailə üzvləri ilə görüşüblər.