20 yanvar 2018 19:51
1003

Hər il 20 Yanvar qurbanlarını yad etmək bizim borcumuzdur

Hər il 20 Yanvar qurbanlarını yad etmək bizim borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bunu Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn şəhər sakini Elmar Əliyev deyib.

20 Yanvar hadisələrinin iştirakçısı olan E.Əliyev bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycanın tarixinə yazılan silinməz bir səhifədir. Qanlı Yanvar xalqımızda birlik, mübarizlik əzmi yaratsa da, o günlərin şahidi olan şəxslər insanlığa qarşı bu cür qəddar cinayətin yaşanmasını arzulamaz. Hər kəs bu birliyin, mübarizliyin daha fəsadsız, qan tökülmədən yaranmasını istəyər. Lakin müstəqillik, azadlıq elə bir məfhumdur ki, onun uğrunda verilən qurbanlar da böyük olur.

E.Əliyev qeyd edib ki, Azərbaycan xalqı müstəqillik uğrunda öz qurbanını verib. Bu cür müqəddəs yolda şəhid olmaq hər kəsə nəsib olmur. “Biz şəhidlərin ruhu qarşısında hər zaman öz borcumuzu yerinə yetirməliyik. Tək mən yox, bütün əlillər hər il şəhidləri ziyarət edirik”.