20 yanvar 2018 19:41
1299

Həmin gecə şəhidlərimiz qanları ilə tarix yazdılar

20 Yanvar faciəsindən 28 il ötür. Hər il bu gün şəhidləri yad etmək üçün minlərlə insan axın-axın Şəhidlər xiyabanına gəlir. Buraya tez-tez gəlirəm. Hər gəldikdə çox çətin olsa da, o günləri yenidən xatırlayıram.

Bu sözləri AZƏRTAC-a Şəhidlər xiyabanının salınmasında iştirak edən dəfn komissiyasının üzvlərindən biri Azər Nəbiyev deyib.

O günlərin canlı şahidi olduğunu deyən Azər Nəbiyev qeyd edib ki, o gecə rus tankları həm üzərimizə gəlir, həm atəş açırdılar. Küçələr qan içində idi, tankların altında əzilən insanların iniltisi hələ də qulağımdadır. Şəhidlərin əksəriyyəti tanınmaz halda idi və onları dəfn etmək çox ağır idi. O gecəni xatırlamaq çox ağrılıdır. Lakin ağrılı-acılı günlərdə ən dəhşətli qırğın silahları ilə əliyalın insanların üzərinə gələn sovet ordusuna qarşı xalqımız birlik göstərdi.

"Həmin gecə şəhidlərimiz qanları ilə tarix yazdılar. 20 Yanvar hadisəsi itkilərimizə görə bir faciə hesab edilsə də, bütövlükdə millətimizin tarixinə qızıl hərflərlə yazılacaq şərəfli və qəhrəmanlıq tarixidir. Biz bu günü heç vaxt unutmayacağıq. Onların xatirəsi hər zaman müqəddəs tutulacaq”, - deyə Azər Nəbiyev vurğulayıb.