14 dekabr 2018 23:16
1710

281 sahibkara 320 investisiya təşviqi sənədi verilib

Hazırda dünyada hökm sürən maliyyə böhranı, iqtisadi tənəzzül şəraitində Azərbaycan iqtisadiyyatın davamlı və dinamik inkişafına ölkənin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail olub. Respublikamızdakı ictimai-siyası sabitlik, əlverişli biznes  mühiti yerli və xarici sahibkarlar üçün yeni imkanlar açıb, yerli və xarici kapitallı müxtəlif müəssisələrin yaradılmasına, ölkəmizə investisiya qoyuluşunun çoxalmasına şərait yaradıb

Ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədarların payına düşür. Xarici sərmayələrin böyük hissəsi regionlara yönəldilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icrası zamanı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistik xidmətlərin inkişaf etdirilməsi imkanları yaradılır. Sərmayələrin regionlara cəlb edilməsi işsizliyin azalmasına, yoxsulluğun səviyyəsinin aşağı düşməsinə ciddi təkan verib.

2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı reallaşdırılan  Dövlət proqramları regionların sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Regionlara qoyulan dövlət investisiyaları, həyata keçirilən layihələr artıq öz səmərəsini verir.  Təkcə bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub ki, bu vəsaitin də 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib ki, bölgələrə sərmayə qoyuluşu regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Məhz dövlət sərmayəsi hesabına regionlar inkişaf edib. Ölkə başçısı deyib ki, ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir: “Ötən il sərmayə qoyuluşuna görə ilk onluğa  Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı rayonları daxil edilib. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 milyon manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 milyon manat. Dördüncü yerdə Salyan rayonudur, 126 milyon manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 milyon manat. Yəni, həcmi 100 milyon manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz milyon manata bir qədər çatmayan,-amma mən onu da qeyd etməliyəm,-Gəncə şəhəridir, 98 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni, bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər”.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7,5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla, 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başalyıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır.

Zahid Rza, “İki sahil”