19 yanvar 2018 22:24
1447

İlk sosial mənzillər gələn il təhvil veriləcək

“Yasamal Yaşayış Kompleksi” layihəsi çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) ötən ilin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.

Agentliyin direktoru Samir Nuriyev təşkilatın 2017-ci il ərzində fəaliyyətinin əsas nəticələri barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən Samir Nuriyev əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb.

Direktor bildirib ki, ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir. O, bu strateji sənəd ilə müəyyən olunmuş hədəflərə uyğun olaraq, hesabat dövründə agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına, bunun üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, əhalinin güzəştli mənzillərlə təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və gündəlik işdə tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2017-ci il agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanılıb və hazırda sürətlə davam edir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında sakinlərə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.

Agentlik “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planını icra etmək məqsədilə, həmçinin özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına da nail olub. Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində yaşayış evlərinin tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarəolunması üzrə keçirilmiş 3 investisiya müsabiqəsinin nəticələrinə əsasən, 18 milyon manata yaxın özəl sərmayə cəlb edilib.

İnşa olunan mənzillər barədə vətəndaşlar tərəfindən ətraflı məlumat əldə etmək imkanının təmin olunması məqsədilə, ötən il ərzində Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsi də hazırlanaraq istifadəyə verilib. Rahatlığı və funksionallığı ilə seçilən bu səhifə vasitəsilə kompleks haqqında, istifadə olunan tikinti materialları və hər bir mənzil haqqında ətraflı məlumat əldə etmək mümkündür.

S.Nuriyev qeyd edib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində önəmli hadisələrdən biri də güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını təmin edən elektron sistemin istifadəyə verilməsidir. “Elektron hökumət” portalında yaradılaraq 2017-ci il mayın 30-da istifadəyə verilən “Güzəştli mənzil” sistemi vasitəsilə güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb.

Ötən müddət ərzində “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7500-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabineti yaradılıb. “Güzəştli mənzil” sisteminin satış modulunun istifadəyə verilməsi üçün müvafiq texniki işlər artıq başa çatdırılmaqdadır. Hazırda aparılan müvafiq test işləri tamamlandıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq.

Bununla yanaşı, agentliyin növbəti Hövsan Yaşayış Kompleksi layihəsinin də reallaşdırılmasına 2017-ci ildə başlanılıb. Belə ki, 2017-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə inşa olunacaq və 3002 ailəni yeni mənzillə təmin edə biləcək Hövsan Yaşayış Kompleksinin ərazisində xəstəxana, məktəb, uşaq bağçaları, ticarət mərkəzi və digər sosial-məişət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Natiq nəzərə çatdırıb ki, agentliyin mənzil təminatı üzrə layihələrinin reallaşdrılması zamanı gələcək sakinlərin rahatlığını təmin etmək üçün müvafiq standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Hesabat dövrü ərzində Bakı Nəqliyyat Agentliyi ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində piyadaların, ictimai və fərdi nəqliyyatın hərəkətinin təşkili layihəsinin hazırlanması təmin olunaraq, icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Agentliyin digər rəsmiləri hesabat məruzələri ilə çıxış edərək “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş tədbirlərin icrası, tikintinin və layihələndirmənin aparılması, “Güzəştli mənzil” sisteminin səmərəli fəaliyyətinin təmin olunması və vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, habelə “MİDA” MMC-nin fəaliyyətinin təşkili üzrə 2017-ci ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.