17 noyabr 2017 22:22
755

Tərtərdə taxıl səpinini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub

Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri payız səpinini uğurla davam etdirirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək rayon üzrə 8558 hektar sahədə şum qaldırılıb, 4584,9 hektarda taxıl, o cümlədən 2628,5 hektarda buğda, 1848,5 hektarda dən üçün arpa, 107,9 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Tərtər taxılçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.

Tərtərdə digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, gələn ilin məhsulu üçün bu günədək 34,93 hektarda baş soğan, 70,8 hektarda sarımsaq, 438,5 hektarda təzə yonca, 8 hektarda başqa bitkilər əkilib.