17 noyabr 2017 22:30
823

“Airbus” Çində innovasiya mərkəzi açacaq

“Airbus” korporasiyası Çinin Şencen şəhərində özünün sayca ikinci innovasiya mərkəzini açacaq.

AZƏRTAC xəbər verir ki, mərkəz aviasiya nəhənginin gələcək innovativ planlarının həyata keçirilməsinə xidmət edəcək. Şirkətin məlumatında deyilir ki, “Airbus” gələcək aviasiyanın lideri olan Çin ilə birgə əməkdaşlıq arzusundadır.

Qeyd edək ki, Şencen Çində iqtisadi islahatlarının başlandığı məkan olmaqla yanaşı, hazırda ölkənin texnoloji tədqiqatlar üzrə qabaqcıl şəhəri hesab olunur.

Hazırda Çin mülki aviasiya şirkətlərinin parkında “Airbus” modeli olan təxminən 1480 təyyarə vardır. Bu, Çində istifadədə olan təyyarələrin yarısı deməkdir. Bundan başqa, aviasiya şirkətinin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti “Airbus” təyyarələrinin Avropadan kənarda yığıldığı yeganə yerdir.