14 iyun 2018 21:43
1095

Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 78-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı geniş məsələlər daxil edilib. İclas iştirakçıları MDB ölkələri iqtisadiyyatının 2017-ci ildə inkişafının əsas makroiqtisadi göstəricilərini nəzərdən keçirib, MDB Dövlətlərarası Statistika Komitəsinə tapşırılıb ki, əsas makroiqtisadi göstəricilərin monitorinqini davam etdirsin. Əldə edilən məlumatlar MDB ölkələrinin hökumətlərinə göndəriləcək. Birlik ölkələrinin 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının yerinə yetirilməsi və bu strategiyanın 2016-2020-ci illəri əhatə edən üçüncü mərhələsinin tədbirlər planını, eləcə də ekonom-sinif mənzillər bazarında rəqabətin vəziyyəti ilə bağlı məsələlər də müzakirə edilib.

İclas iştirakçıları MDB ölkələrinin nüvə qəzaları və ya radiasiya qəzası vəziyyətlərində qarşılıqlı fəaliyyəti və bu cür qəzaların nəticələrinin aradan qaldırılması barədə saziş layihəsini, sərhədyanı ərazilərdə xəstəlik mənbələrinin və meşə zərərvericilərinin yaranmasının qarşısının alınması və məhv edilməsi barədə sazişlər və digər sənədlər təsdiq edilib.

Görüşdə yüksək texnologiyalı energetika avadanlığının istehsalının inkişafı sahəsində əməkdaşlıq konsepsiyası planı və milli hava hərəkətinin təşkili sistemlərinin uyğunlaşdırılması konsepsiyası layihəsi də təsdiq olunub.

İclasda Moskva Dövlət Avtomobil-Yol Texniki Universitetinin avtomobil-yol kompleksi sahəsində kadrların peşə səviyyəsinin artırılmasına dair baza təşkilatı statusu təsdiqlənib.

İqtisadi Şuranın üzvləri bir sıra maliyyə-büdcə məsələlərini müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasını bu ilin sentyabr ayında Moskvada keçirmək qərara alınıb.