16 oktyabr 2018 00:53
1886

Müstəqilliyimiz əbədidir və dönməzdir

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı «Neft Daşları» NQÇİ ərazi ilk partiya təşkilatında 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş «Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir» mövzusunda «dəyirmi masa» keçirilib.

Tədbiri giriş nitqi ilə açan «Neft Daşları» NQÇİ ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev bildirib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə edib: «1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistan tərəfdən hərbi təcavüzə məruz qalaraq, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyulub, dövlətlə xalqın birliyi təmin edilib.»

Sonra tədbirdə «Neft Daşları» NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Rüstəm İsmayılov çıxış edərək, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan gərginliyin zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdiyini bildiriblər. Vurğulanıb ki, məhz Ümummilli Liderin müdrik rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanılıb, Azərbaycan inkişaf yoluna qədəm qoyub, suveren dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer tutub.

Daha sonra tədbir iştirakçıları müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.

Orxan Vahidoğlu, «İki sahil»