14 dekabr 2018 23:13
1768

Tolerantlıq: milli kimliyimizin ayrılmaz hissəsi

Ölkəmiz bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə səsini ucaldır

Müasir dünyanın əsas demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və  örnək olan xarakterik xüsusiyyətidir. Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir.  “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını  bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır” söyləyən ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.  Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər. Ümummilli Lider  bu mühüm məqamı da vurğulamışdır ki,  İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik.

Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  Azərbaycanın tolerantlıq təcrübəsini, multikultural dəyərlərə töhfələrini imzaladığı sərəncamlar və onların uğurlu icrası ilə  təsdiqləyir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev bildirir ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında  qeyd edirlər. Buna görə də  multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı  olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir. Bu fikirlər Azərbaycanın tolerant ölkə, multikulturalizmin  dövlət siyasəti olduğuna  işıq salmaqla yanaşı, “Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk” tezisinin reallığa əsaslandığının təsdiqidir.

Prezident İlham Əliyev  dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Azərbaycanın  İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi  aparıcı təşkilatların  fəal üzvü olması da bu dəyərlərə verdiyi önəmin, onların qorunması istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsidir. O da məlumdur ki,  2009-cu ildə  Bakı şəhəri  İSESCO-nun  dəstəyi ilə  İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada  Naxçıvan şəhəri  layiq görülmüşdür. Təbii ki, bu, Azərbaycanın İslam aləmində oynadığı  rola  verilən yüksək qiymətdir.

Azərbaycan bütün dünyada  islamofobiyaya, islamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla  eyniləşdirməyə qarşı  ən kəskin şəkildə  öz səsini ucaldan dövlətdir.

Təəssüflə qeyd etməliyik ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etməkdədir.

Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkrli planlarından əl çəkmək istəmir. Bununla belə dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini,  dövlətimizin başçısının  apardığı sülhpərvər siyasəti təqdir edir, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində  işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əmindir.

Cənab İlham Əliyev ötən il BMT Baş Assambleyasının 72-ci sessiyasında bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. “Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir” bəyan edən ölkə Prezidenti Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də önə çəkir.  Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını  qeyd etmək olar. Dövlətimizin başçısı İlham Əliyev ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda bu çağırışı etmişdir: “Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.”

Daim vurğulandığı kimi, sürətlə inkişaf edən, dəyişən dünyada  xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir.  Müasir dovrdə  qoballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir. Bu günlərdə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış din xadimləri ilə görüşündə də cənab İlham Əliyev bir daha Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu, müstəqillik dövründə  bu meylin  uğurla davam etdirildiyini, multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə  təmin edildiyini bildirmişdir. Görüşdə bu inam  ifadə olunmuşdur ki, bu kimi səfərlər, görüşlər qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcək.

Dövlətimizin başçısı İlham Əliyevin 11 sentyabr 2018-ci il tarixli  “Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da tolerantlığın göstəricisidir. 

Yeganə Əliyeva, “İki sahil”