14 dekabr 2018 23:25
2045

Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu

Narkomaniya xəstəliklə bərabər, cinayətkar ordusu yaradan bir bəladır. Bu gün narkomaniya və onun törətdiyi fəsadlar təəssüf ki, ölkəmizdə də aktual problemdir. Bu problemlər bir tərəfdən dünyada baş verən sosial - iqtisadi çətinliklərdən, təhsildəki problemlərdən, informasiya  çatışmazlığından, digər tərəfdən gənclər arasında hüquqi maarifçilik işinin zəif aparılmasından irəli gəlir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 31 ildir dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd etməkdədir.

Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Narkomaniya xəstələri öz davranışlarına fərdi-iradi nəzarəti itirirlər və bu hal müxtəlif   cinayətlərin törədilməsini asanlaşdırır. Narkomaniya insan beyinin və şüurunun xəstəliyidir. Şəxsiyyətin fiziki və sosial deqradasiyası nəticəsində narkomanlar ictimai həyatdan kənarlaşırlar. Narkomanlıq cəmiyyətin genefondunu məhv edir və cəmiyyət üçün təhlükə yaradır. Narkomaniya insanlar arasında tibbi çatışmazlıqla yanaşı ciddi hüquq pozuntuları yaradan böyük bir problemdir. Narkomaniyaya qarşı mübarizədə hüquqi və tibbi maarifləndirici tədbirlərə ehtiyac böyük olsa da, mübarizə üsullarını bu kimi tədbirlərlə yanaşı daha kütləvi, kreativ və gənclərin başa düşəcəyi formada edilir. Bir sıra dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına müxtəlif formalarda dəstək göstərməsi həyata keçirilən ümumi fəaliyyətin ictimai faydalığını daha da artırır. Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Azərbaycan Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı əsasında yaradılmış Şura cəmiyyət, xüsusən də gənclər üçün təhlükə törədən narkomaniyaya meyillilik, həmçinin insan həyatı üçün təhlükə törədən digər zərərli vərdişlərlə mübarizədə fəal rol oynayır. Şura 2017-ci ildə adıçəkilən mövzuda 15 layihəyə ümumilikdə  100 000 manat qrant vəsaiti ayırmışdır. Layihələr çərçivəsində icra olunmuş işlərə 45 nəfər cəlb edilmişdir. Bu layihələr çərçivəsində 2195 uşaq, 1886 gənc, 1598 nəfər digər yaş qruplarına aid olan benefisiarlar faydalanmış, bunlardan da 3258-i kişi, 2421-i isə qadın olmuşdur. Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında icra edilmiş layihələr zamanı 6 təlim, 37 seminar, 11 digər formalı tədbirlər təşkil edilmiş, 7 buklet  və 3 sosial çarx hazırlanmışdır.

Başa çatmaqda olan 2018-ci ildə bu istiqamətdə 24 layihənin icrasına Şura tərəfindən ümumilikdə 158800 manat qrant vəsaiti ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu istiqamətdə təşkil etdiyi tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr əsasən gənclərlə işləmək üzrə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilir.

Bu layihələrin icrası bu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstəyi ifadə edir, həmçinin narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndirici əhəmiyyəti daşıyır. Bu layihələr Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. Layihələrin məqsədi ümumilikdə mərkəzdə və regionlarda narkomaniya, onun fəsadları mövzusunda gənclər arasında maarifləndirmə işlərinin aparılmasından, bu mövzularda tədbirlərin təşkilindən ibarət olmuşdur. Konkret rəqəmlərə gəldikdə, bildirmək istərdim ki, icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 80 nəfər işçi cəlb olunmuş, 5110 nəfər layihələrdə iştirak edərək bəhrələnmişdir. Bunlardan 1390 nəfəri uşaq və yeniyetmə, 2520 nəfəri gənc, 1200 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 81 seminar və müxtəlif tipli tədbirlər təşkil olunmuş, 19 buklet, 3 sərgi və 2 sosial çarx hazırlanmışdır. Xüsusilə qeyd etmək yerinə düşər ki, gənclərin iştirakı ilə 2 teatr tamaşası təşkil olunmuşdur.

2019-cu ildə də dövlətin və cəmiyyət tərəfindən narkomaniyaya qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır. Dövlət qurumlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya kimi zərərli vərdişlərə meyillik getdikcə əhəmiyyətini azaldacaq.

QHT-lərlə davamlı iş birliyində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələrindən Şura növbəti illərdə də “Narkomaniyaya qarşı mübarizə” mövzusunda yeni, innovativ təkliflər, bu ictimai-sosial təhlükə ilə mübarizədə daha effektiv yanaşma üsulları və tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir.

Rövşən Həmidov,

Azərbaycan Respublikası Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi

Şurası Katibliyinin aparıcı məsləhətçisi