19 aprel 2018 18:08
990

Əməkdaşlıq məsələləri müzakirə olunub

Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın fövqəladə hallar naziri vəzifəsini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb, bir sıra mühüm əhəmiyyətli layihələrlə bağlı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano görüşə görə təşəkkürünü bildirərək birgə uğurlu layihələrin həyata keçirilməsindən məmnun olduğunu qeyd edib, gələcək əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.