18 noyabr 2017 00:58
1051

“Reket jurnalistika” bəlaya çevrilib

Azərbaycanda öz dəst-xətti olan jurnalistlərlə yanaşı, mövcud demokratik cəmiyyət quruluşundan sui-istifadə edib, söz azadlığının verdiyi səlahiyyətlərdən qeyri- qanuni yolla pul qazanmaq üçün yararlanan insanlar da var.

Xezerxeber.az-ın məlumatına görə, obyektivlikdən və etikadan xəbərsiz olan və özlərini jurnalist adlandıran bu insanlar, yalan, böhtanların mətbuata çıxmasına şərait yaradırlar. Dezinformasiya yaymaqla sensasiya və reytinq arxasınca qaçdıqları görünsə də, əslində, məqsədləri ölkənin imicinə xələl vurmaqdan ibarətdir. Virus kimi yayılan bu qüvvələr peşə fəaliyyəti adı altında "reketçiliklə" məşğuldurlar.

Görünən odur ki, onlar bu fəaliyyətlərində kifayət qədər peşəkarlaşıb, hətta şəbəkələr qurublar. Belə ki, jurnalistikaya aidiyyati olmayan şəxslər bir neçə sayt qurub, hədəf seçdikləri insanla bağlı şər-böhtan kampaniyasına başlayır. Əvvəl öz saytlarından birinə yerləşdirir, ardından isə digər saytlarla bunu yayaraq ictimailəşdirirlər. Reket jurnalistikaya qarşı müabrizə Komissiyasının sədri Vüqar Rəhimzadə bilidirir ki, apardıqları araşdırma zamanı dəfələrlə belə faktlara rast gəlinib. Reket jurnalistlər öz əməllərində sosial şəbəkələrin imkanlarından da geniş istifadə edərək, qısa müddətdə öz istəklərinə nail olurlar.

Bunun ardından isə hədəf seçdikləri şəxsdən həmin informasiyaların yığışdırılması müqabilində küllü miqdarda pul tələb edirlər. Bir çox hallarda isə onlar bu əməllərini sifariş əsasında edirlər. Yəni birindən pul almaq müqabilində başqa birisini hədəf seçirlər. Jurnalist etikası, yaydıqları informasiyanın faktlara əsaslandırılması kimi prinsiplərdən uzaq olan bu qüvvələr hər hansı bir müqavimətlə qarşıladıqda isə dərhal söz azadlığının pozulması kimi dəyərlərə sığınaraq hay-həşir salırlar. Sağlam kütləvi informasiya vasitələrinin cəmləşdiyi qurumlar problemin kifayət qədər ciddiləşdiyi qənaətindədir. Məsələn, Məbuat Şurasının üzvləri bununla bağlı inzibati addımların atılmasının vaxtının çoxdan çatdığını deyirlər.

Ciddi medianın təmsilçiləri o fikirdədir k, məsələyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanları ciddi şəkildə müdaxilə etməlidir. Doğrudur, belə hallarla mübarizə aparılır, amma yaranmış situasiya göstərir ki, daha sərt addımlar atılmalı, həmin "media" qurumları bağlanılmalı, rəhbərləri, habelə onlara havadarlıq edən şəxslər və sifarişçiləri ilə bağlı ciddi cəza tədbirləri görülməlidir. Bunun üçün hüquqi baza da var. Çünki informasiya təhlükəsizliyi siyasəti Milli Təhlükəsizlik konsepsiyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik" haqqında qanununda öz əksini tapıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: