15 iyun 2018 14:46
2142

Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə çağırır

Bu gün İslam dünyasının ən müqəddəs bayramlarından biri - on bir ayın sultanı Mübarək Ramazan ayı sona çatır. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq  oruc tutur, namaz qılır, axşamlar isə iftar açaraq yenə namaz qılaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndər Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Müsəlman aləminin iki böyük bayramından biri olan Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd olunmaqdadır. Ramazan bayramı Hicri-Qəmər təqviminin doqquzuncu ayı Ramazan ayının ardından onuncu ay olan Şəvval ayının ilk üç günü boyunca qeyd olunan dini bayramdır. Həzrəti Məhəmməd Peyğəmbər hədislərində buyurur ki, Ramazan və Qurban bayramlarının gecələri edilən dua, tövbə Allah-Təala tərəfindən qəbul olunar.

Ramazan orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması ayıdır. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. İnanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir.

Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu Öndər xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoymuşdur. Bu gün bu ənənə ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə iyunun 13-də xalqımıza ünvanladığı təbrikində deyilir: “İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.

Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir”.

Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər. Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul eləsin! Ramazan bayramınız mübarək olsun!

Mənsumə Babayeva, “İki sahil”