17 noyabr 2017 23:44
1374

BTQ güclü iradənin, qarşılıqlı dəstək və inamın simvoludur

Tarixi İpək Yolunun bərpasında yeni mərhələ olan Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq və regional əhəmiyyəti dünya səviyyəsində yüksək dəyərləndirilir. Region, eyni zamanda, bu təşəbbüsdə iştirak edən və nəqliyyat dəhlizinə qoşulacaq digər ölkələr üçün də ən sərfəli və əvəzedilməz layihə olan və artıq reallaşan, beynəlxalq yük və sərnişin daşımada əlverişli imkanlara malik BTQ-nin turizm potensialına əlavə töhfələr verəcəyini deyilənlərə əlavə etməklə əminliklə söyləmək olar ki, Xəzər və Qara dəniz arasında əlaqələri təmin edəcək və qlobal layihə olan BTQ-yə marağın artması təsadüfi deyil.

Çindən Avropaya daşınan yükləri 12-15 günə, yəni dəniz nəqliyyatından iki dəfə tez çatdırılmaqla təhlükəsizliyin təminatında da mühüm əhəmiyyətə malik BTQ polad magistral kimi sarsılmaz dostluğun nəticəsidir. İlk mərhələdə, beynəlxalq təşkilatlarla danışıqların fayda vermədiyi zamanlarda belə Türkiyə, Azərbaycan və Gürcüstan öz iradəsini ortaya qoyaraq dəmiryolunun çəkilişində göstərdikləri qətiyyət nəticəsini verdi. “Bizim layihələrimiz xalqlarımızın rifahının yüksəlməsinə yönəlib. Vaxt gələcək bu layihəyə o qədər də səmimi münasibət göstərməyən tərəflər, ölkələr, yaxud beynəlxalq maliyyə qurumları bəlkə də yaxın zamanlarda bu layihəyə qoşulmaq üçün bizimlə əməkdaşlığa başlayacaqlar” söyləyən Prezident İlham Əliyevin bu fikirləri reallıqda təsdiqini tapdı.

Beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfə olan, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən BTQ dəmiryolu vasitəsilə Azərbaycan müxtəlif ölkələrə, Türkiyəyə birbaşa gediş əldə etdi.

Dünya, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində böyük önəm daşıyan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum kimi qlobal əhəmiyyətli layihələri ilə Azərbaycana artan maraq BTQ-nin çəkilişi ilə daha da gücləndi. Layihə üzrə ilk mərhələdə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılan, sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılması nəzərdə tutulan dəmiryolunun Çindən başlayaraq, Orta Asiyadan keçməklə Cənubi Qafqaz, Türkiyə, Balkanlar və Avropaya uzanaraq geniş bir coğrafiyanı əhatə etməsi perspektivlərin daha uğurlu olacağından xəbər verir.

Azərbaycanın müəllifi olduğu strateji enerji layihələri kimi BTQ-nin də siyasi-iqtisadi, bölgədə və dünyada sülh, sabitlik yaratması imkanları təsdiqlənir. Respublikamızın polad magistralların keçdiyi ölkələrin idxal və ixracında, tranzit daşımalarda rolu artır.

“Modern İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan BTQ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcək.

BTQ-nin nəqliyyat təhlükəsizliyini təmin edən, bölgənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi, respublikamızda Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha dolğun şəkildə təmin edəcək.

Türkiyənin İğdır vilayəti ilə Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan arasında dəmiryolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də yaxın zamanlarda həllini tapacaq. Uzunluğu təxminən 850 kilometr olan dəmiryolunun 504 kilometrinin Azərbaycan ərazisindən keçməsi, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməsi ölkəmizin dünya siyasətindəki mövqeyini daha da gücləndirir, artan maliyyə imkanlarının göstəricisi kimi ölkəmizin iqtisadi qüdrətini dünyaya bəlli edir.

Ən başlıcası isə maliyyə böhranının hələ də davam etdiyi müasir dövrümüzdə dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaranacaq.

Bölgədə sülh və sabitliyin təminatına xidmət edən qlobal layihələrin müəllifləri kimi tanınan Azərbaycan-Gürcüstan-Türkiyənin “Cənub Qaz Dəhlizi” kimi mühüm əhəmiyyətli layihədə də birgə əməkdaşlığı növbəti illərdə başqa layihələrin reallaşmasında da özünü büruzə verəcək.

“Əsrin müqaviləsi”ni utopiya adlandıranlara, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə mane olmağa çalışanlara qətiyyəti, qarşılıqlı dəstək, inamları ilə cavab verən hər üç dövlət başçılarının siyasi iradəsinin nəticəsi olan BTQ kimi layihələr birlik, dostluq rəmzidir.

Orta Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın, Avropa ölkələrinin də maraq göstərdiyi dəmiryolu mühüm əhəmiyyətli infrastruktur, nəqliyyat xətti olmaqla sivilizasiyalararası dialoq mərkəzi, multikultural, tolerant respublika kimi tanınan Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də önəmli addımlar atılır. “Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək” sözləri ilə ölkəmizin dünyanın enerji bazarında, nəqliyyat infrastrukturunda önəmini qeyd edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir. Xəzərdə yükdaşımalarının təşkili üçün böyük gəmiqayırma zavodunun tikilməsi, nəqliyyat infrastrukturunun önəmli hissəsi olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası düşünülmüş siyasətin nəticəsidir. İldə 15 milyon ton yük və 100 min konteyner qəbul edəcək limanda işlərin yekunlaşması nəticəsində yükdaşıma 25 milyon ton və 1 milyon konteynerə çatdırılacaq. Ölkəmizdə nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur ölkəmiz, bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir.

Uzaq məsafələri yaxınlaşdıran BTQ-nin qlobal əhəmiyyəti haqqında dünya KİV-ində yazılan xoş sözlər bu dəmiryoluna alternativ xətlərin çəkilməsi ilə bağlı qərəzli informasiyaları da təkzib edir.

Ən başlıcası isə regionu dünya ictimaiyyətinin diqqət mərkəzində saxlayan, bölgəyə marağı artıran qlobal enerji layihələrindən kənarda qalan Ermənistan daha bir beynəlxalq layihədən kənarda qaldı. Bu isə dünyada baş verən hadisələrə təsir imkanları artan, hərbi qüdrəti, sülhsevər siyasəti ilə mövqeyi möhkəmlənən Azərbaycanın növbəti diplomatik uğuru, işğalçı üzərində siyasi qələbəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”