14 iyun 2018 23:38
2585

Xalqın Xilaskarı

Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

15 iyun 1993-cü il-Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Amma çox təəssüf ki, bu gün sözügedən tarixi hadisəyə yanaşmanın özündə qüsurlar ortaya çıxır. Bəs əslində o tarixi gün ərəfəsində nələr baş verirdi? 15 iyunda Azərbaycan xalqı nədən qurtulmuşdu? Bu suallara cavab tapmaq üçün həmin dövrə qısa ekskursiya edib bu tarixi hadisənin əsl mahiyyətini, onun siyasi, iqtisadi, mənəvi aspektlərini müəyyənləşdirmək mümkün və kifayətdir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxıb müstəqilliyini elan etdi. Bir əsrdə ikinci dəfə idi ki, Azərbaycan xalqı bu xoşbəxtliyi yaşayırdı. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi. Bunun üçün isə çalışmaq, sözün həqiqi mənasında çox çalışmaq, lazım gələrsə vuruşmaq, ölmək lazım idi. Çünki bu müstəqillik ölüm, qan bahasına başa gəlmişdi və çox qurbanlar almışdı. Həmin dövrdə ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya hər gün artırdı, dövlət büdcəsində kəsir dəfələrlə artmışdı. Ölkənin borcları durmadan artır, vətəndaşların əmək haqlarının və pensiyalarının dəyəri düşür, bahalaşma, aclıq baş alıb gedirdi. Belə bir şəraitdə, hakimiyyətdə olanlar dahi Heydər Əliyevlə məsləhətləşməyə ehtiyac duyaraq, Bakıya dəvət etdilər. Düzdür, ulu öndər Heydər Əliyev hakimiyyət tərəfindən Bakıya dəvət edilsə də, bu, təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi.

Beləliklə, 1993-cü il 9 iyun tarixində Azərbaycan xalqının XİLASKARI Bakıya qayıtdı. Ümummilli lider Heydər Əliyev, məhz belə bir şəraitdə gəldi Azərbaycana. 1969-cu ildə olduğu kimi, yenə çiyinlərini çox çətin və şərəfli bir vəzifənin altına verdi. Amma o zaman nə 69-cu il idi, nə Azərbaycan geridə qalmış sovet respublikası idi, nə Azərbaycan insanı 69-cu ilin insanı idi. Nə də Heydər Əliyev ölkəsinə mərkəzi hakimiyyətin təyinatı ilə gəlməmişdi. Ulu öndər Heydər Əliyevə bu təyinatı canından çox sevdiyi Azərbaycan xalqı vermişdi. 1993-cü ilin 13 iyun tarıxində isə Bakıya 4 gün öncə gəlmiş Heydər Əliyev Gəncədə Surət Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Dahi siyasətçi öz siyasi bacarığını ortaya qoyaraq başladığı işi tamamlamağı bacardı. Bu isə həm inkişafa mane olan, müstəqillik üçün təhlükə yaradan hallar üçün bir sonluq, həm də sürətli və dinamik inkişafa gedən yolun başlanğıcı idi.

Ümummiyyətlə, Heydər Əliyev dünyanın nəinki ən müdrik, həm də ən fədakar azərbaycanlısı idi. Ulu Öndərdə xalqı və dövləti hətta ən çətin vəziyyətlərdən çıxarmaq bacarığı var idi. Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevi də cəlb etdi. Beləliklə də, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bu ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ-hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə mühüm dövlət sənədləri də qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdırilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması yoludur”.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün ulu öndər Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi, mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönümlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Etiraf edilməlidir ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan ümummilli lider Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda, ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrılıqda regionların iqtısadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Elçin Zaman, “İki sahil”