14 iyun 2018 23:59
2479

Qurtuluşun siyasi, iqtisadi, mənəvi məntiqi qüdrətli Azərbaycandır

“Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir... ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini  daimi edəcəyik.”

Ümummilli lider Heydər Əliyev

Tarixi bəsirət, irəlini görmək kimi nadir istedad Tanrının sevdiyi bəndəsinə bəxş etdiyi ən böyük hədiyyədir. Tarixdə adları ilə yaşayan dövlət xadimlərinin hamısına olmasa da, bəzilərinə nəsib olan bu xoşbəxtlik onları xalqına lider kimi sevdirmiş, əsrlərlə yaşatmışdır. Bu keyfiyyətlər yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərin qismətinə yazılır. Ulu öndər Heydər Əliyev kimi. Müdrikliyin əlamətlərini onların qabiliyyət dərəcəsi baxımından fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə “tarixiləşirlər” ki, Tanrının onlara verdiyi bu “sərvətləri” ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda, milyonlara xeyir verəcək səviyyədə  “xərcləyirlər.” Bu keyfiyyətləri dövlətçilik təcrübəsində yaşadan, təkmilləşdirən ulu öndər Heydər Əliyev dəfələrlə Azərbaycanı gözləyən təhlükələrdən xilas etməklə, xalqı arxasınca apara bilmək qabiliyyəti ilə xilaskarlıq missiyasını yerinə yetirmiş, əsl lider olduğunu çoxillik dövlətçilik təcrübəsi ilə  möhürləmişdir.

1993-cü ilin iyun hadisələri: Azərbaycan xalqının əbədi müstəqilliyinə Qayıdışın Qurtuluş tarixi

O dövrdə baş verən hadisələrin əsas səbəbkarı olan AXC-Müsavat iqtidarı Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Təcrübəli kapitanı olmayan, tufanda yolunu itirən gəmi kimi çalxalanan Azərbaycanı məhvə aparan, rəhbərlik iqtidarında olmayanların hakimiyyəti zəbt etməsi, yalnız öz mənafelərini qoruması ölkədə hakimiyyətsizlik, özbaşınalıq mühiti yaratmışdı. Bu vəziyyətdən istifadə edən “polkovnik” Surət Hüseynovla o vaxtkı iqtidarın “aparıcı simaları” olan Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseynov və başqaları arasında yaranan qarşıdurmadan əziyyət çəkən insanlar təlaş içərisində idi. Vətəndaş müharibəsi təhlükəsi hər an gözlənilən fəlakət kimi insanları qorxuda saxlayırdı. Ölkə iqtisadiyyatı iflic olduğundan əhalinin sosial vəziyyəti, həyat tərzi acınacaqlı idi. Daxili qarşıdurmalar, separatçılıq hərəkatının başlanması, müstəqilliyimizi istəməyənlərin  sabitliyin pozulmasına naminə etdikləri müdaxilələr nəticəsində  Azərbaycanın taleyi sual altında idi. Hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutan, o zaman muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevdən nicat gözləyənlərin sayı artırdı. Bacarıqsız, dövlətçilik işində naşı olduqlarını hər addımları ilə bildirən AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərlərini də qıcıqlandıran insanların Ulu Öndərə böyük ümid bəsləmələri, inamları idi. Heydər Əliyev kimi güclü, qətiyyətli, zəngin dövlətçilik təcrübəsinə malik bir siyasi xadimlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da dolayı yollarla Naxçıvanda siyasi sabitliyi pozmağa çalışır, təxribatlar törədirdilər. 1992-ci ildə insanların ümid yeri olan Heydər Əliyevi devirmək üçün qiyam təşkil edən Xalq Cəbhəsinin silahlıları Ulu Öndərin həyatına sui-qəsd təşkil etmək istəsələr də xalq liderini qorudu. Cəncə hadisələrindən xoflanaraq “vəzifələrini donduranlar”, Sürət Hüseynov kimi bir adamın qarşısında əsib, titrəyənlər təbii ki, torpaqlarımızı işğal edən Ermənistanın silahlıları qarşısında acizliklərini etiraf etməyə məcbur oldular. Çıxış yolu isə təcrübəli dövlət xadimi Heydər Əliyevdən kömək istəmək idi. İyunun 8-də sabiq prezident Elçibəy Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə zəng vuraraq bildirir ki, Vətənin taleyi həll olunur, xahiş edirik təcili Bakıya gələsiniz. Lakin Ulu Öndər onsuz da təhlükədə olan Naxçıvanı tərk etmək istəmirdi. Buna görə də arxasınca gələn təyyarə geri qayıdır. Lakin hadisələrin məcrasından çıxdığını görən müdrik siyasətçi Azərbaycanın qorunması naminə Bakıya gəldi, Gəncəyə gedərək insanlarla, qiyamçılarla görüşdü, təhlükənin aradan qaldırılması üçün danışıqlar apardı, hamını milli birliyə, vətəndaş həmrəyliyinə dəvət etdi.

Prezident İlham Əliyev o dövrdə yaranan təhlükəni belə izah edir: “Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.”

O dövrü tariximizin qara ləkəsi, rüsvayçılıq illəri adlandıran dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi. 15 iyunda Milli Məclisin sədri , sonra isə xalqın yüksək etimadı ilə Prezident seçilən xilaskarı Heydər Əliyevin arxasınca gedən milyonlar qüdrətli Azərbaycan, müstəqilliyimiz naminə Ulu Öndərin ətrafında sıx birləşdilər. Dövlət idarəetməsinin sükanı təcrübəli və möhkəm əllərə etibar edildi. 1994- 1995-ci illərdə baş verən qiyamların, dövlətçiliyə qəsd cəhdlərinin də qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın liderinə inamı nəticəsində alındı. Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Siyasi və iqtisadi müstəqilliyimizin başlanğıc tarixi

Hər bir Azərbaycan vətəndaşı inamla deyə bilər ki, 1993-cü il tariximizdə həm də inkişafa aparan dönüş mərhələsi olmuşdur. “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, o çətin günlərdə  ölkəni ağır vəziyyətdən çıxaran Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası, strategiyası nəticəsində Azərbaycan düzgün seçim etdi.  Azərbaycan xalqı sözün əsl mənasında öz taleyinin sahibi olduğun hiss etdi. Ulu Öndərin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Konstitusiyası qəbul edildi, milli ideologiyamız , azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma prosesi həyata keçirildi. Bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. “Biz demokratik , dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizən, adət. -ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ulu öndər Heydər Əliyev ölkəmizin bazar iqtisadiyyatı, demokratiya yolu ilə dünya birliyinə inteqrasiyasını əsas inkişaf istiqaməti kimi müəyyənləşdirdi. “Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur...1994-cü ildən Azərbaycan dövləti özünün yeni strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsa prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naiminə daha da səmərəli istifadə etməkdən ibarətdir” sözünü “Əsrin müqaviləsi”nin imzalanması ilə təsdiqlədi. O müqavilə ki, bu gün onun ardıcılları olan “Cənub Qaz Dəhlizi”, TANAP-ın reallaşması ilə Azərbaycan dünya enerji bazarında  söz sahiblərindən birinə çevrilib.

Xalq-iqtidar birliyi uğurlarımızı şərtləndirən amildir

Müstəqilliyi qorumağın onu əldə etməkdən də çətin olduğunu çoxillik təcrübəsi , uzaqgörən siyasəti ilə başa düşən Ulu Öndər bu sahədə də müdrikliyinə arxalandı. Azərbaycanı özü qədər inandığı varisi cənab İlham Əliyevə etibar etməklə daha bir tarixi missiyasını yerinə yetirən Ulu Öndər ölkənin gələcəyinin parlaq olacağına əmin idi. Heydər Əliyev siyasi məktəbini davam etdirən  Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişaf istiqamətləri zamanın tələbinə uyğun, yeni keyfiyyət və kəmimyyət baxımından təkmilləşdirildi. Dünya siyasətinə uyğunlaşdırıldı. Çox keçmədi ki, Azərbaycanın adı güclü, qüdrətli dövlətlərlə eyni sırada çəkildi. “Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir” söyləyən cənab İlham Əliyevin səyinin , siyasi iradəsininn nəticəsidir ki, Azərbaycan dünyanın iqtisadi sistemində  öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik ölkə kimi tanınır. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. 1993-cü ildən başlayan Qurtuluşun məntiqi nəticəsi Azərbaycanın dünya siyasətində söz sahibi olmasıdır. Qlobal beynəlxalq enerji, nəqliyyat layihələri ilə bağlı təşəbbüslərinin qüdrətli ölkələr tərəfindən dəstəklənməsidir. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Ölkədə iqtisadi şaxələndirmə siyasəti uğurla davam etdirilir. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində uğurlu neft-qaz strategiyası, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq, uğurlu inkişafı şərtləndirən digər amillər dayanır. İqtisadi müstəqilliyimiz sayəsində əldə olunan uğurları cari ilin birinci rübün yekunlarını əks etdirn ststistik rəqəmlərin fonunda aydın görmək olar. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3, qeyri-neft sektoru isə təxminən 3 faiz artıb. Sənaye istehsalı 2, qeyri-neft sənayesi isə təxminən 10, kənd təsərrüfatı 4,2 faiz artıb. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız 45 milyard dollara bərabərdir.

Azərbaycan sabit məkan kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir

 “Avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlara məxsusdur, başqalarında ola bilməz” söyləyən Ulu Öndərin “Azərbaycan dünyaya günəş kim doğacaq” istəyi artıq həqiqətə çevrilib. Azərbaycan ən möhtəşəm beynəlxalq təşkilatlarda təmsil olunur, dünya siyasətinə təsir imkanları artır. BMT, AŞPA, ATƏT, Qoşulmama Hərəkatının üzvü kimi etimadı doğruldur. Yuxarıda qeyd olunduğu kimi, irimiqyaslı enerji, nəqliyyat layihələri ilə qitələri birləşdirən Azərbaycan  ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  zəngin karbohidrogen ehtiyatlarına malik ölkə statusunu genişləndirir. Cənub Qaz Dəhlizi, TANAP, TAP Ulu Öndərin şəxsi nüfuzu sayəsində reallaşdırılan “Üç dəniz əfsanəsi”nin davamçılarıdır.

Azərbaycan bütün dünyanın maraq dairəsində olan nadir ölkələrdən sayılır. “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin elan olunduğu ölkəmizin təcrübəsi təbliğ olunur. Respublikamızda keçirilən müxtəlif forumlar, Mədəniyyətlərarası dialoqlar, beynəlxalxalq simpoziumlar, “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam həmrəyliyi Oyunları Azərbaycanı Avropa ilə Asiya arasında sivilizasiyalararası məkan, körpü kimi tanıtdı.

 C.Naxçıvanski adına internat məktəbini, Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycanda ilk olaraq Birinci Sərhəd dəstəsini yaradan, Milli Ordunu formalaşdıran Ulu Öndərin ən böyük arzusu Azərbaycanı milli kadrlardan ibarət güclü, qüdrətli orduya malik dövlət kimi görmək idi. Bu istəyi reallaşdıran Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində davam etdirdiyi siyasət nəticəsində Ümummilli Liderin bu arzusu da gerçəkləşib. Azərbaycan Sİlahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Əsəgərlərimiz NATO tərkibində münaqişə ocaqlarında sülh yaratma missiyalarında iştirak edirlər. Prezident İlham Əliyevin siyasətini prezident seçkilərində ona etimad göstərməklə bildirən Azərbaycan xalqı bu inamı ilə ulu öndər Heydər Əliyev irsinin davamlı olmasına da münasibətini sərgilədi.

 “Həyatın mənası insanın çox və yaxud az yaşamasından ibarət deyil. onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” söyləyən Ulu Öndər canından artıq sevdiyi Azərbaycanı təhlükələrdən qorumaqla, tərəqqi yoluna çıxarmaqla Azərbaycan xalqının qəlbində əbədi yaşarılıq şansını qazandı. Buna görə də də insanlar bu inamdadarlar ki, adı Azərbaycanla qoşa çəkilən Ulu Öndər xalqımız üçün əbədiyyət simvolu, xilaskar, milyonların taleyini düşünən qətiyyətli sərkərdədir.

Xuraman İsmayılqızı, “İki sahil”