20 avqust 2018 18:16
797

Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək

Rusiya Hərbi Dəniz Donanması üçün helikopter daşıyan gəmi inşa etməyəcək. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a müsahibəsində sənaye və ticarət naziri Denis Manturov bildirib.

Rusiyada Hərbi Dəniz Donanması üçün təyyarə daşıyan gəminin tikintisinə gəlincə, o qeyd edib ki, hazırda həmin məsələ müzakirə mərhələsindədir: “Lakin əminliklə deyə bilərəm ki, vertolyot daşıyan gəmi inşa olunmayacaq”.

Bununla belə, D.Manturovun sözlərinə görə, Rusiya Hərbi Dəniz Donanmasının tərkibində helikopter daşıya bilən gəmilər olmalıdır: “Söhbət helikopter meydanı olan aviadaşıyıcı kreyserdən, həmçinin vertolyotların desantları düşürtməsi üçün şəraiti olan desant gəmilərindən gedir”.

2016-cı ilin iyulunda bildirilirdi ki, Rusiya Hərbi Dəniz Donanması əvvəllər Fransadan sifariş olunmuş helikopter daşıyan “Mistral” kimi, universal desant gəmisinin inşası ilə bağlı texniki tapşırıq alıb. 2016-cı ilin yanvarında Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma idarəsinin rəisi Vladimr Tryapicnikov qeyd etmişdi ki, belə bir gəminin hazırlanması 2018-ci ildən tez başlaya bilməz.

Xatırladaq ki, 2011-ci ildə Rusiya ilə Fransa arasında “Mistiral” kimi iki helikopter daşıyan gəminin – “Vladivostok” və “Sevostopol”un inşası ilə bağlı 1.2 milyardlıq müqavilə imzalanmışdı. 2015-ci ildə Ukraynadakı vəziyyətə görə müqavilə ləğv edildi.