21 oktyabr 2018 19:34
529

Avstriyada qonşu ölkələrlə sərhəd nəzarəti: günün tələbi yoxsa siyasi populizm?

Oktyabrın əvvəlində Avstriya hökuməti Sloveniya və Macarıstan ilə sərhəd nəzarətinin müddətini daha altı ay uzadacağını elan etdikdən sonra, hökumətin bu qərarı Aİ qurumları ilə yanaşı, yerli iqtisadi dairələr tərəfindən də ciddi tənqidlə qarşılanır.
AZƏRTAC xəbər verir ki, Avropaya qaçqın axınının pik nöqtəsində - 2015-ci ildə Şengen məkanında yerləşən qonşu dövlətlərlə (Macarıstan və Sloveniya) sərhəd yoxlanışlarının tətbiq edilməsi Avstriyanın gözlənilməz vəziyyəti nəzarətə almaq üçün atdığı addımlardan biri idi. Ötən dövr ərzində quru yolla və əsasən Balkan marşrutu ilə Avropaya gəlməyə çalışan qaçqınların sayı kəskin azalsa da, Avstriya hökuməti sərbəst sərhəd keçidinə zəmanət verən Şengen rejimini bərpa etmək fikrində deyil. Avstriyanın federal kansleri Sebastian Kurts 2015-ci illə müqayisədə miqrant axınının 95 faiz azaldığını qeyd etsə də, bununla belə hökumət sərhəd nəzarətini hələ ən azı yarım il müddətində qüvvədə saxlayacaq.
Avstriya İqtisadiyyat Palatasının Yük daşınmaları və nəqliyyat departamentinin rəhbəri Aleksander Klaçska isə Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibəsində bildirib ki, ölkə sərhədlərində hazırkı formada yoxlanışların həyata keçirilməsini hər il ölkə iqtisadiyyatına bir milyard avro zərər vurur. Sərhəd-keçid məntəqələrində gözləmə nəticəsində yaranan vaxt itkisi daşımaçılıqla məşğul olan şirkətlərə, eləcə də sərhədboyu ərazilərdə yaşayan əhali və müəssisələr üçün ciddi problemlər yaradır. Vyana İqtisad Universitetinin apardığı araşdırmalar nəticəsində müəyyən olunub ki, ölkənin bütün sərhədlərində sərhəd nəzarəti gündəlik olaraq 5,6-12,2 milyon avro izafi xərclərə səbəb olur. 2015-ci ildən bəri tətbiq edilən sərhəd nəzarətinə görə isə dövlət polis və hərbi qüvvələrin sərhəddə saxlanması və xidməti həyata keçirmək üçün 900 milyon avroyadək vəsait sərf edib.
Avstriya Parlamentində təmsil olunan „Piltsin siyahısı“ partiyasının rəhbəri Peter Pilts sərhəd nəzarətinin qüvvədə saxlanmasını hökumətin əhaliyə təlqin etdiyi təhlükəsizlik siyasəti ilə əlaqələndirib. O bildirib ki, Sloveniya ilə sərhədi bu il ərzində cəmi 10 nəfər qaçqın keçməsinə baxmayaraq, həmin qaçqınların keçmiş olduğu sərhəd zolağını 185 hərbçi qoruyur. Hökumət ölkə daxilindəki miqrasiya problemləri ilə bağlı zamanın tələbinə uyğun tədbirlər görmək əvəzinə əhalidə sanki sərhəddin o tərəfindən on minlərlə qaçqının bu ölkəyə yürüş etməyə hazır olması barədə təsəvvür yaradır.
Həm ümumavropa kontekstində, həm də ölkədaxili siyasətdə əcnəbilər və miqrasiya siyasəti ilə bağlı restriktiv qaydaların tətbiqinə tərəfdar olan Avstriya hökumətinin bu siyasəti getdikcə tənqidçilərinin sayını artırmaqdadır. Həm iqtisadi dairələr, həm də siyasi müxalifət hökuməti siyasi populizm yolunu tutmaqda ittiham edirlər.