17 oktyabr 2017 16:20
577

YAP aparıcı siyasi qüvvə kimi dövlətçiliyə və milli maraqlara xidmət edir

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının VIII konfransı

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının VIII konfransı keçirilib. Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər qonaqlar iştirak ediblər. 

Konfrans nümayəndələri və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir Dövlət himninin səslənməsi ilə açıq elan edilib, Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra YAP-ın yaranmasının 25-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev geniş hesabat məruzəsi ilə çıxış edib. A.Haxverdiyev bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində  ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. “Müstəqil dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında, respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında, gələcəyə doğru inamla irəliləməsində, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərib və göstərir” deyən A.Haxverdiyev bildirib ki, hesabat dövründə YAP Qubadlı rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramı müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib. Hazırda rayonda 80 ərazi ilk partiya təşkilatı, 3371 nəfər üzvü vardır ki, onlardan 1838-i qadındır. Partiya üzvlərinin 1326 nəfərini gənclər təşkil edir.

Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılan partiya hər zaman milli maraqlarımızın keşiyində dayanıb. M.İsaqov qeyd edib ki, əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir: “Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Nail olduğu müstəqillikdən bəhrələnən xalqımız möhtərəm Prezidentimiz, YAP Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək yeni sosial-iqtisadi inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan getdikcə dünya əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilir, respublikamızla əməkdaşlıqda maraqlı olan ölkələrin sayı gündən- günə artır.”

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib: “YAP ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Bu işlər bundan sonra da davam edəcək, partiyamız Ulu Öndərimizin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Ümummilli Liderin yolunun və ideyalarının davamçısı olacaq. Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkəmizin dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP aparıcı siyasi qüvvə kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir.”

Konfransda  təşkilati məsələlərə baxılıb və Allahverdi Haxverdiyev  yenidən YAP Qubadlı rayon təşkilatının sədri seçilib. Həmçinin sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 31 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupu formalaşdırılıb.

Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup rayon sakininə Fəxri fərmanlar təqdim olunub, partiyanın sıralarına yeni qəbul olunmuş şəxslərə isə YAP-ın üzvlük vəsiqələri verilib.

Orxan Vahidoğlu,

“İki sahil”