17 oktyabr 2017 17:05
557

Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir

Yeni Azərbaycan Partiyası Göyçay (YAP) rayon təşkilatının rayon Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” mövzusunda tədbir keçirilib.

Tədbiri YAP Göyçay  rayon təşkilatının sədri Sahib Şükürov açaraq Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini bildirib, Ümummilli Liderimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. S.Şükürov qeyd edib ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlayıb: “Həmin dövrdə geniş mədəniyyət müəssisələri şəbəkəsinin formalaşdırılması, mədəniyyət sarayları və mədəniyyət evləri, kitabxanalar və klublar, muzeylər və musiqi məktəbləri üçün möhtəşəm binaların tikdirilməsi ənənəsi də məhz ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan mədəniyyətinin davamlı inkişafı müstəsna yer tutub.”

Rayon Musiqi məktəbinin direktoru Rövşən Zamanov bildirib ki, Ulu Öndər bütün həyat fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılmasına həsr edib: “Dahi rəhbər siyasi dövlətçilik fəaliyyətində Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət və incəsənətin də davamlı tərəqqisi yolunda böyük və əvəzsiz tarixi xidmətlər göstərib.”

Daha sonra mədəniyyət işçiləri, eyni zamanda YAP fəallarından Aytən Hacızadə, Könül Bayramova, Nərgiz Nəbiyeva, Güllü Paşayeva çıxış edərək bildiriblər ki, Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində milli dəyərlərimizə xüsusi önəm verərək onu dünyaya tanıdıb. Görkəmli dövlət xadimi Heydər Əliyev məhz bu prizmadan mədəniyyətimizə yanaşaraq, onun coğrafi sferasının genişliyinə diqqət ayırıb. Bu gün dünyada Azərbaycan mədəniyyətinin əks-sədası xalqımızın böyük oğlu Heydər Əliyevin bu sahədə qoyduğu təməlin bəhrəsidir.

Orxan Vahidoğlu,

“İki sahil”