18 oktyabr 2017 15:56
336

Kaliforniyanın Fullerton Kollecində Azərbaycana dair mühazirə oxunub

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvəti ilə tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, Bakının gözəlliyi və görməli yerlərinin əks olunduğu video-çarxın nümayişi ilə başlayıb.

Mühazirədə baş konsul Nəsimi Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib ki, Azərbaycan hökuməti bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanlar sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar.

Baş konsul Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə də ətraflı məlumat verib.

Sonra Nəsimi Ağayev tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, 25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindəndir.