08 yanvar 2019 20:36
1615

"Stratfor"un risklərlə dolu proqnozları

Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlar verib. Onlara nəzər saldıqda, bir sıra düşündürücü məqamları görmək mümkün olur. Hər şeydən öncə, aydın olur ki, bu iki regionda cərəyan edən geosiyasi proseslər bir-biri ilə əlaqədə götürülür. Ekspertlər hesab edirlər ki, hər iki region üçün 2019-cu il geosiyasi aspektdə mürəkkəb il olacaq. Burada qeyri-müəyyənliklər və risklər özünü göstərəcək. Dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çinin həmin regionlar uğrunda mübarizəsi daha da intensivləşəcək. Proqnozlara görə, bu mübarizə Əfqanıstandan başlayaraq geniş məkanda terror və narkoticarəti canlandıra bilər. Bundan sadə insanlar daha çox ziyan görəcəklər. Eyni zamanda, böyük güclərin antiterror əməliyyatları adı altında müxtəlif fəaliyyətləri ola bilər. Bununla da Yaxın Şərqlə yanaşı, başqa bir məkanda da silahlı qarşıdurmalar özünü göstərər. "Stratfor"un proqnozları kontekstində yuxarıda vurğulanan məqmların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqaz: geosiyasi mənzərə qarışır

ABŞ-ın tanınmış beyin mərkəzlərindən olan "Stratfor"un 2019-cu il proqnozları içərisində Qafqaz və Mərkəzi Asiya ayrıca yer tutur. Hesab olunur ki, bu il həmin regionlar geosiyasi proseslərin ən intensiv özünü göstərəcəyi məkanlardan biri olacaq. Proqnozlarda bu regionlar qarşılıqlı əlaqədə təqdim olunur. Ümumi məntiq ondan ibarətdir ki, Cənubi Qafqazla eyni səviyyədə Amerika ilə Rusiya arasında geosiyasi savaş Mərkəzi Asiyada baş verəcək. Bu prosesə Çin də ciddi surətdə qarışacaq (bax: 2019 Annual Forecast / worldview.stratfor.com, 3 dekabr 2018)

"Stratfor" Cənubi Qafqazı tamamilə ABŞ və Rusiyanın nüfuz uğrunda mübarizə məkanı kimi tədqim etməyə çalışır. Yəni burada region dövlətlərinin öz maraqlarının aparıcı rol oynayacağı tezisi qəbul edilmir. Bütün proseslərə Amerika, yaxud Rusiyanın üstünlüyü müstəvisində baxılır. Bu, özlüyündə mənfi haldır, ancaq reallıqdırsa, hadisələrə də həmin prizmadan baxmaq lazım gəlir.

Öncə belə çıxır ki, Vaşinqtonla Moskva Cənubi Qafqazda ən yaxın müttəfiqlərini müəyyənləşdirməyə çalışacaqlar. Maraqlıdır ki, məhz bu bənd onların ən sərt toqquşma yeri ola bilər. Çünki "Stratfor"a inansaq, hər iki böyük güc Ermənistanı yaxın müttəfiq kimi seçmək niyyətindədir. Daha doğrusu, Rusiya artıq orada tam hakimdir və ABŞ başlıca olaraq oranı Rusiyanın əlindən almağa çalışacaq (bax: əvvəlki mənbəyə). Bunun müxtəlif səbəbləri qeyd edilir. Ancaq əsas odur ki, Cənubi Qafqazda dəqiq mövqeyi olmayan və daim havadar axtaran ölkə məhz Ermənistandır. Konkret desək, Vaşinqton Ermənistanın bu zəifliyindən istifadə edərək regionda özünün maraqları uğrunda daha sərt mübarizə aparmaq niyyətindədir.

Vaşinqtonun planlarında Ermənistana ayrıca yer verilməsi həm də İran probleminə görədir. Belə ki, Amerika İrana qarşı daha sərt mövqe tutmaq niyyətindədir. Cənubi Qafqazda isə daha çox Ermənistan İrana ümid edir. Əgər Amerika Ermənistana müəyyən yardımlar etməsə, İrəvan İranla əlaqələri dərinləşdirmək üçün bəhanə əldə edər. Yəni ABŞ Ermənistana diqqəti artırmaqla həm də onun İranla olan münasibətlərində uçurum yaradır. Zəif və asılı Ermənistan buna asanlıqla getməkdədir.

Əgər Amerika Ermənistanı Rusiyanın təsiri altından çıxara və ya Moskvanın mövqeyini xeyli zəiflədə bilsə, onda Cənubi Qafqazda vəziyyəti tarazlıqdan çıxarmağa daha şanslı olur. Çünki Gürcüstan öncədən Qərbi seçib və orada hər hansı işlər görməyə ehtiyac yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridən ölkə kimi kimsəyə boyun əymir. Bu səbəbdən ancaq Ermənistan marionet rolunu oynaya bilər.

Görünür, "Stratfor"un analitikləri bütün bunları nəzərə alaraq, 2019-cu ildə Rusiya ilə Amerika arasında Cənubi Qafqazda forpost uğrunda daha amansız mübarizə apara bilərlər. Lakin burada bir geosiyasi məqam meydana gəlməkdədir. Məsələ ondan ibarətdir ki, Amerika Suriyadan hərbi kontingentini çıxarmaqla bağlı qərar verib və bu, Moskvanın əlini Yaxın Şərqdə xeyli gücləndirib. Bütövlükdə Moskva ilə getdikcə daha çox sayda dövlətlər geosiyasi əməkdaşlıq etməyə başlayıblar. Bu da ABŞ-ın Ermənistan uğrunda mübarizədə uğur qazanmaq şansını minimuma endirir.

Əfqanıstan faktoru: Mərkəzi Asiya üçün iki təhlükə

Digər tərəfdən, ABŞ-ın özünün Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq məkanında fəaliyyət üsulunu yeniləşdirmək qərarına gəlməsi yeni mənzərəni ortaya qoyur. İndi Vaşinqtonun Suriya, İraq və Əfqanıstanda necə davranacağı məlum deyil. Belə ki, D.Tramp Suriyadan çıxmağa tələsmədiklərini artıq ifadə edib, İraqa səfəri zamanı buradan hərbi gücü çəkməyəcəklərini bəyan edib və Əfqanıstanda da hərbi mövcudluğu davam etdirəcəklərini bəyanlayıb. Onda Amerika haradan və nə miqdarda hərbi güc çəkir? Belə çıxır ki, mahiyyətcə heç yerdən çəkilmə yoxdur, sadəcə qüvvələrin konfiqurasiyası yeniləşdirilir. Bəlkə də D.Trampın Suriya ilə bağlı dedikləri kontekstində "yenidən siyasi şəkillənmə zamanı" ifadəsi həmin məqama aiddir.

Bunlardan belə qənaətə gəlmək olar ki, "Stratfor" Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı və Əfqanıstanı bir-biri ilə sıx bağlı götürməkdə səhv etməyib. Mərkəzi Asiyada analitik mərkəzin proqnozuna görə, Amerika iqtisadi və hərbi cəhətdən Qazaxıstanla Özbəkistana daha çox diqqət yetirəcək. "Stratfor" yazır: "Vaşinqton bütün Mərkəzi Asiya ilə, öncəliklə Qazaxıstan və Özbəkistanla iqtisadi əlaqələrin yaxşılaşmasına can atacaq" (bax: əvvəlki mənbəyə). Bunun fonunda Amerika Mərkəzi Asiyaya Əfqanıstanda cərəyan edən proseslərlə eyni məntiqdə yanaşmağı planlaşdırır (təbii ki, "Stratfor"a görə). Bu da pərdəarxası bir sıra məqamlara əlavə diqqət yetirməyi tələb edir.

İlk növbədə, belə təxmin edilir ki, terrorçular Əfqanıstana daha çox üz tuta bilərlər. Oradan Çin və Rusiya istiqamətində hərəkət etmək imkanları çoxdur. Rusiya Federal Təhlükəsizlik Xidməti bu barədə bir neçə dəfə informasiya yayıb. ABŞ-ın Suriyadan çəkilməsi ilə terrorçuların başqa məkanlara keçməsi arasında bir əlaqənin olduğunu düşünənlər də vardır.

Digər tərəfdən, Əfqanıstandan narkoticarət yolları dünyanın hər tərəfinə yayılır. Son zamanlar Mərkəzi Asiya ölkələri üçün bu, daha ciddi problemə çevrilib. İndi ekspertlər ehtiyat edirlər ki, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin yeni komandanı Skott Miller öz sərt və güzəştsiz mövqeyi ilə vəziyyəti daha da gərginləşdirə bilər. Məsələ ondan ibarətdir ki, S.Miller terrora qarşı təxribatçı əməliyyatları ilə məşhurdur. Burada bir sıra hallarda məqsəd terror qruplarını maliyyə ilə təmin etməkdən ibarət olur. Yəni əməliyyat sözdə narkoticarətə qarşı aparılır, reallıqda isə gəlirlər terror qruplarına yönəldilir.

Bunu Moskvada və Pekində yaxşı anlayırlar. Deməli, Rusiya və Çin də Əfqanıstanda antiterror əməliyyatları apara bilərlər. Bu isə o deməkdir ki, geniş bir geosiyasi məkanda ABŞ, Rusiya və Çinin toqquşduğu və sözdə "antiterror əməliyyatları" adlanan gərginlik meydanı yarana bilər. Ekspertlər bunun acı nəticələr verə biləcəyini istisna etmirlər.

Dolayısı ilə Mərkəzi Asiyada ABŞ-la Çin arasında geosiyasi savaşın artacağını gözləmək olar. Əslində, "Stratfor"un proqnozlarına görə, bu proses bütün dünyada intensivləşəcək. Müxtəlif regionlarda Amerika-Çin qarşıdurması öz təsirini göstərəcək. 2019-cu ilin ilk günlərində bunun əlamətlərindən biri özünü büruzə verdi. Çinli general xəbərdar etdi ki, Pekin Cənubi Çin dənizində Amerikanın iki hərbi gəmisini batıra bilər. Bu isə 10 min ABŞ əsgərinin həlak olması deməkdir. Təbii ki, xeyli təhlükəli fikirdir və birbaşa Vaşinqtonu qıcıqlandırır. Bu kimi qarşılıqlı təhdidlərin davam etdiyi halda ciddi problemlərin yaranma ehtimalı yüksəkdir.

Yuxarıda vurğulanan məqamlardan belə görünür ki, "Stratfor" 2019-cu ildə Cənubi Qafqaz və Məkəzi Asiyada geosiyasi qeyri-müəyyənliyin artmasını proqnozlaşdırır. Bu, bir tərəfdən, Amerikanın dünya liderliyi iddiasını davam etdirməsi, digər tərəfdən isə böyük bir geosiyasi məkanda ABŞ-Rusiya və ABŞ-Çin qarşıdurmasının yüksəlməsi ilə şərtlənir. Ümumilikdə mürəkkəb və riskli geosiyasi mənzərə meydana gəlir ki, burada da sabitliyə nail olmaq çətin iş ola bilər.

Bunlarla yanaşı, "Stratfor" faktiki olaraq Vaşinqtonun ata biləcəyi addımlardan bəhs edir. Onlar kifayət qədər təhlükəli görünür. Deməli, 2019-cu ildə dünya üzrə geosiyasi dinamikanın sabitlik yarada biləcəyi barədə danışmaq reallığa uyğun gəlmir. Burada hansı qüvvənin üstün gəlməsindən asılı olmayaraq, son nöqtə qoyulmur. Bu baxımdan 2019-cu il müəyyən geosiyasi proseslərin sonudursa da, bütövlükdə digər riskli və qeyri-müəyyən aktorların da başlanğıcı ola bilər. Konkret desək, Amerika Rusiya sərhədinə təhlükələri yaxınlaşdırmağa çalışdığı kimi, Moskva da onu əks tərəfə ötürməyə cəhd edəcək. Bu qarışıqlıqda isə zərər görən region xalqları və bütövlükdə təhlükəsizlik sistemi olacaq.

Newtimes.az