02 iyul 2018 21:33
1295

İlham Əliyev: Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür

 İqtisadi, siyasi, humanitar, enerji diplomatiyası ilə dünyada tanınan Azərbaycanın xarici siyasəti qarşılıqlı əməkdaşlığa, etimada əsaslanır

Azərbaycanın xarici siyasəti, ədalətli,  prinsipial  və müstəqildir

Beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycanın dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınması uzun illər üçün  hesablanmış daxili və xarici  siyasətimizin  beynəlxalq səviyyədə dəstəyinin ifadəsidir.  Güc amilinin   hüqüq normalarını  arxada qoyduğu müasir dövrümüzdə  dünya xəritəsində var olmaq üçün  düşünülmüş, zamanın və  müasir dünya siyasətinin tələblərinə uyğun dövləti idarəetmə bacarığı hər bir ölkənin diplomatiya sahəsində qazandığı uğurlarla dəyərləndirilir. «Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir.»  Xarici siyasətimizin prioritetlərini özündə ehtiva edən Prezident İlham Əliyevin bu sözləri bir həqiqətə də əsaslanır ki,  qlobalaşmanın sürətlə davam etdiyi, dünya siyasətinin qütblərə uyğun tənzimləndiyi indiki zamanda  Azərbaycanla hesablaşıb, əməkdaşlıq etmək istəyən ölkələrin sayının artması    beynəlxalq aləmdə ölkəmizin öz milli maraqlarını müdafiə etmə  qüdrətinin güclənməsi,  xarici siyasətimizin uğurudur. İllərdən bəridir ki, sivilizasiyalararası məkan, sabitlik ölkəsi kimi qazandığı  imici  qarşılıqlı hörmət və ehtiram əsasında davam etdirən,  regional siyasətə təsir imkanları artan Azərbaycan  bu siyasəti ilə Cənubi Qafqazın   aparıcı dövləti olduğunu da təsdiqləyir.

 Hər bir ölkənin  xarici siyasəti daxili siyasətinin davamı olmaqla  iqtisadi müstəqilliyinin də göstəricisidir. Ötən 15 ildə  Dünya İqtisadi Forumunun hesabatlarında yüksələn xətlə irəliləyən Azərbaycanın davamlı və dinamik  inkişafı ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsinə  hesablanan nailiyyətdir. Azərbaycanın  dünyanın ən mötəbər qurumu olan BMT-nin  Təhlükəsizlik Şurasına üzv seçilməsi, müxtəlif beynəlxalq təşkilatlarda  fəallığının artması, dünya birliyində  nüfuzumuzun , mövqeyimizin möhkəmlənməsi göstərir ki,  xarici siyasətimiz möhkəm dayaqlara əsaslanır və Azərbaycan  hörmətə layiq qüdrətli ölkədir.  Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş, heç bir xarici maliyyə institutundan,  başqa ölkədən asılılığı yoxdur.  Ölkəmizin xarici  borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Valyuta ehtiyatları ölkənin xarici borcundan 4-5 dəfə böyükdür.  Sabit  sərmayə iqlimi mövcud olan ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb olunması, xarici investisiyaların artması, rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdə olması bu inkişafın əyani təsdiqidir.

Regional təşəbbüsdən qlobal çağırışlara  yönələn humanitar diplomatiya

Azərbaycanın regional əməkdaşlıq formatındakı  nüfuzu ölkəmizdə  keçirilən biri-birindən maraqlı, beynəlxalq əhəmiyyətli tədbirlər, iştirakçı dövlətlərin sayı ilə  dəyərləndirilir.  İşlək formatlar çərçivəsində keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələlər müzakirə olunur, siyasi, iqtisadi, hərbi sahədə  qarşılıqlı anlaşmaya əsaslanan,  fayda verən, regional sabitliyə, təhlükəsizliyə  müsbət təsirini göstərən  müzakirələr aparılır və   müsbət nəticələrə nail olunur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrin  dünya  siyasətinə təsiri  önəmlidir. Sevindirici haldır ki, formatlarda iştirak edən bütün ölkələr üçün faydalı  əməkdaşlığın təşəbbüskarı  bütün sahələrdə liderliyini qoruyan Azərbaycandır. Bu münasibətlər bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında formalaşaraq heç bir ölkənin daxili işinə  qarışmamaq prinsipləri əsasında  davam etdirilir. İkitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirmək sahəsində zəngin təcrübəyə əsaslanan  Azərbaycanın  balanslaşdırılmış xarici siyasəti bölgə dövlətləri ilə  iqtisadi, mədəni, ticari  əlaqələrin gücləndirilməsini təmin edir. Ölkəmizdə keçirilən  forumlar, simpoziumlar, mədəniyyətlərarası dialoqlar Azərbaycanın humanitar diplomatiyasının məntiqi nəticəsidir.   Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr, tolerantlıq təcrübəsi  BMT tərəfindən  dəstəklənir, təbliğ olunur. Bu baxımdan  2008-ci ildən davam etdirilən «Bakı Prosesi»ni nümunə göstərmək olar.  Məhz bu proses çərçivəsində  Avropa Şurasına üzv dövlətlərlə İslam  Konfransı Təşkilatı  (hazırkı İƏT) dövlətləri arasında mədəniyyətlərarası dialoqa dair kommunike qəbul edildi. Beləliklə bu il 10 illiyi qeyd olunan «Bakı Prosesi»  regional təşəbbüsdən qlobal çağırışa çevrildi.  Bu humanitar platformanı fərqləndirən UNESCO, BMT-nin  Sivlizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi tərəfdaşlarının olmasıdır. Ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun,  müxtəlif dinləri təmsil edən  liderlərin zirvə görüşlərinin təşkili, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyli Oyunlarının,  Formula-1  yarışlarının, Qəbələdə beynəlxalq  müsiqi festivallarının, paytaxtımızda  Muğam müsabiqələrinin hər biri xarici siyasətimizə əlavə dəyər qandırmaqla ölkəmizə marağı artırır.  Respublikamızda   «Multikulturalizm İli»,  «İslam Həmrəyliyi İli» çərçivəsində keçirilən tədbirlərdə  xarici qonaqların iştirakı,  Cənubi Qafqazın incisi sayılan Odlar diyarının diplomatiyada əldə etdiyi uğurların göstəricisidir.  Respublikamıza gələn turistlərin sayının artması ölkəmizə  maraqdan irəli gəlir. Azərbaycan dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edilir. VI Bakı Qlobal Forumunun qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmasının əhəmiyyəti tədbirdə iştirak edən dövlət başçılarının sayından, müzakirə olunan  məsələlərin aktuallığından da bəlli olur. Cari ilin birinci rübbündə   7 dövlət və hökumət başçısının  ölkəmizə səfəri, Prezident İlham Əliyevin xarici dövlətlərdə keçirilən rəsmi görüşlərdə iştirakı   ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır. Regionda yaşanan problemlərin həllinə, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsinə yönələn danışıqlarda  əldə olunan razılaşmaların hər biri xarici siyasətimizin uğurudur.  Bu il ölkəmizdə BMT-dən sonra  ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir.
Gələn ildən başlayaraq Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür. Bu böyük təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində  mövqelərimiz  möhkəmlənir, xarici siyasətimzi dəstəkləyənlərin sayı artır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  diplomatik sahədə hüquqi baza yaradılıb

  Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri  Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.
 Prezident  İlham Əliyevin   qətiyyəti sayəsində Ermənistanın işğalçılıq siyasətinin  beynəlxalq səviyyədə  etirafı,  münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni vandallarının törətdikləri Xocalı soyqırımının   bir çox dövlətlər tərəfindən tanınması xarici siyasətimizin nailiyyətidir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə ən çox müzakirə etdiyi məsələ  Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu qətiyyətin nəticəsidir ki,  Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən,  beynəlxalq hüquqa söykənən qərar və qətnamələrin sayı artır. «Bu görüşlərin və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir» söyləyən dövlət başçımızın vurğuladığı kimi, münaqişənin həlli üçün əsas şərt olan hüquqi baza sahəsində tam üstünlüyü əldə edən Azərbaycan   Lələtəpədə, Günnütdəki uğurlarını davam etdirəcək.

Terrorla mübarizəyə töhfələrini verən  Azərbaycan dünyada güclənən  separatizmə qarşı da  fəallığını artırır. Azərbaycanın bu istiqamətdə apardığı siyasətin beynəlxalq  təşkilatlar tərəfindən  dəstəklənməsi xarici siyasətimzə verilən dəyərdir.  Avropada baş qaldıran separatizmə qarşı  yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. «Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq» söyləyən dövlət başçımızın arqumentinə  real nəticə bu günlərdə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin  beynəlxalq səviyyətdə etirafı, Ermənistanı təşvişə salmasıdır. Ərazi bütövlüyümüzün bölünməzliyini  qəbul etdiyi qərar və qətnamələri ilə  təsdiqləyən  BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti,  AŞPA, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı  sənədlərin qəbul edilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir.

 Azərbaycanın enerji, nəqliyyat  diplomatiyası qitələri birləşdirir

  Siyasi, iqtisadi baxımdan ölkəmizə nüfuz qazandıran Azərbaycanın  enerji  diplomatiyası xalqlar və dövlətlərarası  körpü rolunu da  oynayır. Azərbaycanın təşəbbüsü, qonşu və dost ölkələrlə birlikdə icra edilən enerji və nəqliyyat layihələri  nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir.  «Cənub Qaz Dəhlizi»nin,  onun birləşdirici halqası adlandırılan TANAP-ın açılış mərasimlərində qeyd olunduğu kimi,  Azərbaycanın tarixi nailiyyəti olan  enerj layihələri
 ölkəmizin qüdrətini dayanıqlı inkişafını  uzunmüddətli formatda təmin etməklə  dünya miqyasında ən sabit ölkələrdən biri kimi tanıdır.  BTC, BTƏ  neft-qaz kəmərləri ilə enerji bazarında  ilk addımlarını atan Azərbaycan  «Cənub Qaz Dəhlizi» ilə ölkəmizin təbii enerji resurslarını dünya dövlətlərinin birgə  isifadəsinə verir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə verilməsi ilə uzaqları yaxınlaşdıran Azərbaycanın bu təşəbbüsü qitələri birləşdirir, xalqlararası  iqtisadi əlaqələri daha da möhkəmləndirir. Tarixi İpək Yolunun bir hissəsinin bərpası olan Bakı-Tbilisi-Qars dəmir yolundan  Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələrinin istifadə etməsi,  gələcəkdə  Şimal-Cənub nəqliyyat dəhlizinin  Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirməsi hər iki layihənin müəllif olan Azərbaycanın  xarici siyasətinə, qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyidir.

 Xuraman İsmayılqızı,

«İki sahil»