İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.
Bu barədə Respublika Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.
Hüquq mühafizə orqanlarının əməkdaşları Gəncə şəhərində sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, şəhərdə sakitlik tam bərqərar olunub. Artıq ölkənin ikinci böyük və tarixi şəhəri olan Gəncədə normal həyat davam edir. Lakin gerçəklik odur ki, burada iki polis zabiti qətlə yetirildi, terrora məruz qoyuldu və Azərbaycandakı mövcud sabitliyi pozmağa cəhd edildi.
Axı, bu cinayətkar qruplar, terrroçu dəstələr nə istəyirdilər və onlar Azərbaycan dövlətinə qarşı çıxmağa cəsarəti haradan aldılar ? Burada ən acınacaqlısı isə odur ki, iki yüksək rütbəli polis qətlə yetirildi ki, bu da dövlətə və xalqa vurulan ən böyük zərbə və xəyanətdir. Təbii ki, hansı davanı apardığı bəlli olmayan, sadəcə «Allahu əkbər» deyə bağıraraq soyuq silahlarla silahlanıb şəhərin mərkəzi meydanına gələn bu dəstənin ölkədəki ictimai-siyasi sabitliyə düşmənçilik hisslərinin qabarması onları məhz belə terrorçu hərəkətlərə vadar etmişdi.
İki Azərbaycan polisini qətlə yetirimək isə birbaşa Azərbaycan dövlətçiliyinə yönəlmiş sui-qəsd idi. Azərbaycan polisi ölkə vətəndaşlarının güvənc yeridir, cəmiyyətdəki ictimai asayişin qarantıdır. Bu gün qatı cinayətkarlara qarşı mübarizədə daim ön sırada yer alan Azərbaycan polisi bu şərəfli vəzifəsini yerinə yetirərkən şəhid olmuş, ağır yaralanmış, lakin öz əqidəsindən və vəzifə məsuliyyətindən bir addım da geri çəkilməmişdir.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının da etiraf etdikləri kimi, Azərbaycan bu gün regionda ən sabit ökədir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, «Polis xidmətlərinin etibarlılığı» indikatoru üzrə Azərbaycan Respublikası 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, «Təhlükəsizlik» indikatoru üzrə isə 40-cı, «Mütəşşəkiil cinayətkarlıq» indikatoru üzrə isə 43-cü mövqedə qərarlaşıb.
Beynəlxalq təşkilatlar ona görə bu qənaətdədirlər ki, həm ölkə vətəndaşlarının, həm burada fəaliyyət göstərən xarici vətəndaşların, o cümlədən turistlərin həyatı üçün Azərbaycanda heç bir təhlükə mövcud deyildir. Burada kriminogen durum daim nəzarətdədir və asayiş etibarlı əllərdədir.
Bu ilin iyulun 2-də Azərbaycan polisinin 100 illiyi də ölkəmizdə böyük təntənə ilə qeyd olundu. Prezident İlham Əliyev yubiley münasibətilə DİN-in 49 əməkdaşını dövlət mükafatlarına, 2 nəfər vəzifəli şəxsini isə xüsusi rütbəyə layiq gördü.
Əslində bu, 100 illik tarixi olan Azərbaycan polisinə verilən yüksək qiymətdir və onların ölkədəki asayişi daha uğurla qorunmasına stimul verən önəmli amildir.
Azərbaycan polisi həm də ölkənin ərazi bütövlüyü uğrunda canını qurban vermiş və bu gün də verməyə hazırdır. Bu gün ölkə ictimaiyyəti Qarabağ savaşında orudumuzla bərabər, ön cəbhədə düşmənə qan udduran, onun işğalçılıq siyasətinə sinə gərən igid və qəhrəman polislərimiz haqqında fəxrlə danışır.
Həmin döyüşlərdə DİN-in1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə 99 əməkdaş həyatını itirib. 2640 nəfər xəsarət alıb. DİN-in 67 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 1143 nəfər müxtəltif orden və medallarla təltif olunub.
Əvvəldə qeyd etdimiz kimi, Gəncə şəhərində baş verən son hadisələr xaricdən ideoloji və maliyyə dəstəyi almış bir qrup antiazərbaycan qüvvələrin ölkəmizə və xalqımıza qarşı törətdikləri terror hadisəsidir. Bu hadisələrdə Azərbaycan polisinə edilən qəsd Azərbaycan dövlətçiliyinə edilən qəsddir.
Bu faciə və terror hadisəsi bir daha göstərdi ki, Azərbaycan polisi həmişə olduğu kimi bu dəfə də sayıqlığı, çevikliyi və xalqın mənafeyini öndə tutmaq vərdişi ilə öz peşə məsuliyyətini dərindən anlmaqla antiazərbaycan qüvvələrinə yeni təxribatlar törətməyə imkan vermədi. Düzdür, iki polisimiz- iki qardaşımız şəhid olsa da ölkədəki əmin-amanlıq qorundu. Bu şəhid polislərin hər biri bizim qardaşımızdır, əzizimizdir. Onların qətlə yetirilməsi xalqımızı məyus etsə də terrorçu qruplar qarşısında sınmağa qoymadı. Əksinə mərd və qəhrəman gəncəlilər bu terrorçulara nəinki dəstək vermədilər, hətta onlara qarşı əsl vətəndaşlıq borcunu yerinə yetirərək, dövlətlə birlikdə olduqlarını göstərdilər.
Əslində Gəncə hadisələri bir daha göstərdi ki, bu qədim şəhərdə xalqla dövlət arasında heç bir qarşıdurma, gərginlik yoxdur. Sadəcə belə bir siyasi mənzərə yaratmaq istəyən qüvvələr var. Diqqət yetirin: bu iğtişaş törədən adamlar dindardılarmı? Təbii ki, yox. Onların qətlə yetirdikləri polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzadə kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır. Elə bu faktın özü sübut edir ki, hadisələrdə heç nə təsadüfi deyil.
Sadəcə, bəzi antiazərbaycan qüvvələrin məqsədi müqəddəs dinimizi ləkələmək, sabitliyimizi pozmaq, dünyada tanındığımız və qəbul olunduğumuz dünyəvi dövlətçilik ənənəmizi sarsıtmaq, bir sözlə, Azərbaycan dövləti və dövlətçiliyi üçün müqəddəs olan bütün dəyərləri məhv etməkdir.
Gəncədəki iğtişaş cəhdini kənardan seyr edən ən məlumatsız adam belə anlayır ki, bu, bir etiraz deyil, qəsdən törədilən iğtişaşdır. Baxmayaraq ki, ölkədə azda olsa sosial problemlər var, bunu uylun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlətimizin başçısı özü də deyib, məmurlara iradlar bildirib, tapşırıqlar verib.
Bu gün Gəncə hadisələrinə görə Azərbaycan vətəndaşını xaricidilli hücrələrdə yıxanan, manqurtlaşdırılan beyinlərin sahibləri, onların lom tutan əlləri hiddətləndirir. Bu ölkənin insanı öz polisinin, qanı qanından, dini dinindən, can canından olan qardaşının üstünə lomla, dəynəklə getməz, getməyib. Azərbaycan xalqı bu lom tutan, daş atan, polis öldürənləri tanıyır və onları qəti şəkildə lənətləyir.
Gəncə hadisələri xalqı öz dövlət ilə üz-üzə qoymaq istəyənlərin ölkəmiz üçün planlaşdırılmış növbəti təxribatıdır. Təbii ki, Azərbaycan dövləti dünyəvi və hüquqi dövlət olduğu üçün bu cinayəkar ünsürlər antidövlət aksiyalarına və polisləri qətlə yetirdiklərinə görə cəzalarını alacaqlar. Bu, eyni zamanda, gəncəlilərin timsalında bütün Azərbaycan xalqının tələbidir. Bu ölkənin ən böyük sərvəti olan sabitliyə, dünyəviliyə göz dikən, ölkədə qarşıdurma yaratmaq istəyən heç kimə güzəşt edilməməlidir.
Elçin Zaman,
«İki sahil»
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - YENİLƏNİB
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib