23 iyul 2018 16:16
7836

Naxçıvan mətbəxi – Qatıq aşı

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

"İki sahil" NUHÇIXAN-a istinadən “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələrdən “Qatıq aşı”nın hazırlanma qaydası ilə tanış edir.

Qatıq aşı

Yarma və yaxud düyü suya tökülür, üzərinə yuyulub doğranmış göyərti əlavə edilib qaynadılır (göyərti quru olduqda əvvəlcədən isladılır, təzə göyərtilər isə düyü bir burum qayna­dıqdan sonra əlavə edilir). Bişdikdən sonra soyudulur, qatıq çalınıb durulaşdırılır və so­yumuş qarışığın üzərinə tökülür, duz zövqə görə vu­rulur və qarışdırılır (bəzi bölgələrdə bi­şirilmiş noxud da əlavə edilir).

Göyərti ki­mi yabanı bitkilər (pencər) – unnuca, əməköməci, gicitkən, salmanca və s., mədəni bitkilər – yarpız, ispanaq, keşniş, adi çuğundurun yaşıl yarpaqları və s. istifadə edilir. Culfa rayonunun Əbrəqunus kəndində tər­xun, əvəlik, çobankibriti də qatırlar.

Ərzaq: 4 nəfər üçün 3-4 x/q dü­yü, 4-5 dəstə göyərti, hazırlanmış qa­rışığı aça biləcək qədər qatıq