24 avqust 2018 15:04
837

Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biridir

Azərbaycan ilə Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Hər iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Əminliklə demək olar ki, Azərbaycan-Çin dostluq əlaqələri gündən-günə daha da möhkəmlənir.

Son zamanlar Azərbaycanla Çin arasında ticarət əlaqələri daha da genişlənməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı əsas iqtisadi və siyasi tərəfdaşı hesab olunur.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanla Çin arasında əmtəə dövriyyəsi təxminən 1,3 milyard dollar təşkil edib. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 33 faiz çoxdur. Azərbaycanın Çinə ixracı bir il ərzində 63,75 faiz artaraq 443,8 milyon dollar, idxal isə 21,4 faiz artaraq 854,5 milyon dollar təşkil edib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib ki, cari ilin sonunadək Azərbaycan Çində iki şərab evi və bir pavilyon açacaq. Onun sözlərinə görə, bu, Çinin həcmli istehlak bazarında Azərbaycanın istehsal etdiyi məhsulların fəal təşviqinə imkan verəcək və hər iki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsinə müsbət təsir göstərəcək.

Heç şübhəsiz ki, Çində iki şərab evinin açılması ölkələrimiz arasında bu növ məhsulların ticarət səviyyəsini yaxşılaşdırmağa, o cümlədən “Made in Azerbaijan” brendinin Çin bazarında daha da tanınmasına imkan verəcək. Belə ki, Azərbaycanın şərab məhsulları ilə yanaşı, Çində nar şirələri, kompot, cem, həmçinin çay məhsulları çox populyardır. Çayın vətəni Çin olsa da, çinlilər Azərbaycanın qara çay növlərinə maraq göstərirlər. Bu gün Azərbaycandan çay ixracının həcmi getdikcə böyüyür. Azərbaycanın ticarət nümayəndəliyi çinli idxalçıların və istehlakçıların bizim məhsullara marağını  artırmaq üçün fəal iş aparır.

Azərbaycan yeni pavilyonunda yalnız yerli məhsullar və mallar deyil, həmçinin ölkəmizin mədəniyyəti, turizm potensialı və digərləri təqdim olunacaq. Gələcəkdə orada müxtəlif tədbirlər, həmçinin biznes və mədəniyyət sahəsində sərgilər keçiriləcək. Azərbaycanın Çindəki nümayəndəliyi yalnız ixracın təşviqi ilə deyil, həm də Çin investisiyalarının Azərbaycana cəlb edilməsi ilə məşğul olur. Hər iki ölkənin dövlət başçıları ticari-iqtisadi münasibətlərin dinamik inkişafına böyük diqqət ayırırlar. Eyni zamanda, nümayəndəliyin gördüyü işlər nəticəsində Çində Azərbaycan məhsullarına və ümumiyyətlə, Azərbaycana maraq artmaqdadır.

Xatırladaq ki, Azərbaycanın şərab evlərindən daha biri bu ilin noyabr ayında Beynəlxalq İdxal Sərgisi çərçivəsində Şanxayda açılacaq.

Çinin Azərbaycandakı səfiri Vey Tszinhua bildirib ki, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir. Onun sözlərinə görə, dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, Azərbaycan ilə Çin arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı: “İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. İki ölkə arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə daha da genişlənir. Çin tərəfi, həmçinin üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir”.

Qeyd edək ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.

Cavid Əkbərov, “İki sahil”