28 avqust 2018 18:08
3392

Azərbaycanın daha bir ağırlıqqaldıranına olimpiadaya lisenziya verilib

Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak üçün Azərbaycanın daha bir ağırlıqqaldıranına lisenziya verilib. 

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından (IWF) daxil olan məktubda bildirilir. Lisenziya bir qız idmançı üçün nəzərdə tutulub.

Məktubda qeyd olunur ki, bu Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançı təyin edilməsi proseduru həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziya verilməsinə dair qərar qəbul edilib.

Bu, Azərbaycanın ağırlıqqaldırma növündə əldə etdiyi ikinci lisenziyadır. İlk lisenziyanı 2017-ci ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilmiş yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın oğlanlardan ibarət yığma komandası ümumi sıralamada 9-cü yeri tutaraq, əldə edib. Beləliklə, olimpiadaya 2 ağırlıqqaldıran yollanacaq. Onların adları hələlik məlum deyil.  

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda keçiriləcək.