“Biz indi müxtəlif ölkələrdə Azərbaycanın şərab evlərini yaradırıq”. Prezident İlham Əliyev bu sözləri Şamaxı rayonuna səfəri çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında deyib.
Dövlət başçısının sözlərinə görə, şərab zavodunun fəaliyyətə başlaması, üzüm bağlarının salınması çox əlamətdar hadisədir: “Çox gözəl şərab zavodu istifadəyə verilib. Fransız texnologiyaları ilə işləyən zavoddur. Burada ən müasir avadanlıqlar quraşdırılıb, burada istehsal olunan ixracyönümlü şərablar Azərbaycanın ixrac potensialını artıracaq. Biz indi müxtəlif ölkələrdə Azərbaycanın şərab evlərini yaradırıq. Burada istehsal olunan şərablar ölkəmizə xeyir gətirəcək”.
Ölkə başçısı vurğulayıb ki, üzümçülük əmək tutumlu kənd təsərrüfatı sahəsidir: “Mənə verilən məlumata görə, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub. Bu kəndin sakinləridir”.
Prezident İlham Əliyev qeyd edib ki, Şamaxı rayonu ənənəvi üzümçülük diyarıdır: “Adıçəkilən rayonda üzümçülüyün çox böyük ənənələri var. Sovet dövründə Azərbaycanda iki milyon ton üzüm yığılırdı. Ondan sonra əfsuslar olsun ki, üzüm bağları qırıldı və üzümçülüyü biz, demək olar, itirirdik. İndi isə bərpa edirik”.
Bütövlükdə, bir sıra ölkələrdə şərab evlərinin yaradılması Azərbaycanın şərabçılıqla bağlı ixrac potensialının artmasında necə rol oynayacaq?
Ekspertlər bildirirlər ki, sözügedən evlər şərabçılıqla bağlı ixracın artmasında müsbət rol oynayacaq. Vaxtilə Azərbaycanda üzümçülük böyük inkişaf səviyyəsinə çatmışdı. Ancaq Mixail Qorbaçovun 1985-ci ildə bədnam qərarından sonra üzümlüklər sürətlə məhv edilməyə başladı. Halbuki, Azərbaycan buna külli miqdarda vəsait xərcləmişdi. Ondan sonra ölkədə üzüm istehsalı azaldı. Lakin ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda üzümçülüyün dirçəldilməsi ilə bağlı səmərəli işlər görüldü. Son illər xaricdən müəyyən üzüm sortları gətirilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu sahədə böyük təcrübə var. Ölkənin həm torpağı, həm də iqlimi üzümçülüyün inkişafı üçün münbit şərait yaradır. Bu sahədə Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycan öz potensialından tam istifadə edir və şərabçılığın inkişafı üçün hər cür şərait yaradılır. Azərbaycanda 400-500 min ton üzüm istehsalı həm yerli bazarı təmin etməyə kifayət edəcək, həm də ixracat imkanlarımızı artıracaq.
Son dövrlər istifadə edilən müasir qurğular, təsərrüfat sistemləri üzümçülüyün inkişafına böyük təkan verib. Bir sözlə, bu sahədə böyük işlər görülüb. Üzümçülüyün daha sürətli inkişafı üçün fermerlər uzunmüddətli və aşağı faizli kreditlərlə təmin olunurlar. Fermerlərin bazar imkanları daha da genişlənir. Aqrosənaye daha da inkişaf edir. Azərbaycanın torpaq xüsusiyyətləri keyfiyyətli üzüm yetişdirməyə imkan verir. O baxımdan, keyfiyyətli şərab əldə etmək imkanlarımız var. Digər tərəfdən, xarici bazarlara çıxmaq üçün xaricdəki ticarət nümayəndəliklərimiz reklamı daha da gücləndirirlər. Azərbaycan xaricdə təşkil olunan şərab sərgilərinə tez-tez qatılır. Ən başlıcası, fermerlər arasında maarifləndirmə işi aparılır və onların xarici bazarlara çıxışına şərait yaradılır. Nəzərə almaq lazımdır ki, şərabçılıqla bağlı böyük rəqabət var. Şübhəsiz ki, bu sahədə görülən səmərəli işlərin sayəsində daha effektiv nəticələr əldə olunacaq.
Cavid Əkbərov, “İki sahil”
TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib
İşğaldan azad edilmiş ərazilərdə fermerlər üçün təlim proqramları davam etdirilir