Cümhuriyyət tarixinin şanlı səhifələrindən söz açarkən hüquqi, ictimai-siyasi, mədəni sahələrdə ilk dəfə olaraq həyata keçirilən layihələrin, hüquqi, mədəni aktların qəbulu ilə də qürur duymağa dəyər.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şərəfli ilklərdən biri də bütün təbəqələrdən olan qadınlara seçki hüququnun verilməsidir.
Tarixə nəzər salsaq, dünyada qadına seçki hüququnu verən ilk dövlət 1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr gəlir.
Məlumat üçün xatırladaq ki, hazırda hələ də bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib...
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.
Vaxtilə ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin vurğuladıqları kimi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan Respublikasında da müstəqillik əldə olunduqdan sonra həm hüquqi dövlət quruculuğu, həm də gender siyasəti istiqamətində uğurlu islahatlar həyata keçirilir.
Hələ 100 il əvvəl ən önəmli vətəndaş hüquqlarından birinə-seçmək və seçilmək hüququna sahib olan Azərbaycan qadınının hazırda da gender siyasətinin tələblərinə müvafiq olaraq kişilərlə hüquq bərabərliyi təmin olunub. Müasir Azərbaycan qadını bütün dövlət strukturlarında fəal şəkildə təmsil olunur. Azərbaycan qadınları dövlət idarəçiliyində yaxından iştirak edir və cəmiyyətin, dövlətin inkişafına öz qiymətli töhfələrini verir. Milli-mənəvi dəyərləri hər şeydən üstün tutan Azərbaycan qadınları həmişə nəcib təşəbbüslərin, xeyirxah əməllərin tərəfdarı və icraçısı kimi tanınırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının tarixən malik olduğu ali keyfiyyətləri müşahidə etmək mümkündür.
Həmçinin uzun illərdir Heydər Əliyev Fondunun prezidenti vəzifəsini icra edən Mehriban xanım Əliyevanın fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasını və intellektual inkişafın genişlənməsini əhatə edir. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də dünyada elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı ilə bağlı çox önəmli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında gender problemlərinə xüsusi diqqət yetirilir, qadınlara qarşı bütün zorakılıqların qarşısının alınması istiqamətində işlər görülür. Bununla da ölkənin Birinci vitse-prezidenti əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan gender bərabərliyinin təminatı ənənələrinin layiqli davamçısı rolunda çıxış edir.
Bu gün bütün sferalarda Azərbaycanın inkişafı yolunda çalışan, ölkəsinin və ailəsinin mənafeyini hər şeydən uca tutan qadınlarımız öz böyük əməlləri və nəcib fəaliyyətləri ilə məhz 1918-ci ildən seçki hüququnun verildiyi qadın sələflərinin şərəfli xələfləri olduqlarını sübut etməkdədirlər.
Sevinc Mürvətqızı, “İki sahil”