Tbilisidə ötən əsrin əvvəllərində dünyanın ayrı-ayrı ölkələrində istehsal olunmuş müxtəlif model unikal, klassik avtomobillərin rallisi keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda 35 retro avtomobil iştirak edir. Ən “yaşlı” avtomobil 1922-ci ildə istehsal olunmuş “Vauxhall 30/98” markalı minik maşınıdır. Ən “gənc” avtomobil isə 1951-ci ildə istehsal edilmiş “Jaguar Mark V Dropead Coupe” avtomobilidir.
Doqquz ölkədən gəlmiş 60 iştirakçı-iş adamı oktyabrın 2-də Tbilisinin mərkəzindən Vardziya şəhərinə yola düşüb.
Oktyabrın 3-də onlar Vardziyadan Barjomi, Tsxaltubo və yüksək dağ yamacında yerləşən Uşquli kəndindən keçməklə Mestiyaya gedəcək, sonra isə yenidən Tbilisiyə qayıdacaqlar.
Oktyabrın 9-da iştirakçılar yenidən Tbilisinin mərkəzindən Kaxeti istiqamətində hərəkətə başlayacaqlar. Onlar Sqinaxi və Kazbeqi şəhərlərini, Lapota gölünü dolandıqdan sonra Tbilisiyə qayıdacaqlar.
İştirakçılar oktyabrın 14-dək ümumilikdə 2500 kilometrdən çox məsafə qət edəcəklər.
Rallidə bir azərbaycanlı iş adamı da var.
Yarış SilikNet, TBC bank, Tsikolia, Gulf və digər şirkətlər tərəfindən təşkil olunub.