16 oktyabr 2018 22:27
3425

Çində ildə 6 milyard tarakan yetişdirilir

Çin sənaye miqyasında tarakan yetişdirir. Orada hər tarakan təsərrüfatı iki futbol meydançasının sahəsinin ölçüsündədir. Bu hamam böçəkləri kimə lazımdır, bu miqyasda həşərat harada istifadə olunur?

Çoxları tarakanı murdar bir həşərat hesab etsə də, Çinin farmakologiya sənayesində tarakan yaxşı biznes növü sayılır. Bu ölkədə tarakanların sağlamlıq üçün faydalı olduğunu düşünürlər. Çində, həmçinin bəzi digər Asiya ölkələrində olduğu kimi, qızardılmış tarakan yüz illərdir ki, qida kimi istifadə edilir.

Çinin cənub-qərbində yerləşən Sican şəhərində dərman firmalarından birinin ildə altı milyard tarakan yetişdirən ferması vardır.

Orada tarakanlar saxlanılan rəflər isti, nəm və qaranlıqdır.

Tarkanlar “lazımı yaş”a çatanda onlar tutulur, emal edilir və onlardan Çin təbabətində geniş istifadə olunan məhlul hazırlanır.

Çin təbabətində “möcüzəvi dərman” hesab edilən bu məhlul şirintəhər olur və “kanfusin” adlandırılır. Ondan mədə xoraları, qastroenterit və s. xəstəliklərdə istifada edirlər.

“Çinin əhalisi qocalır, biz yaşlılar üçün qərbdən baha qiymətə gətirilən dərmanların alternativini yaratmağa çalışırıq”,-deyə Şandun Kənd Təsərrüfatı Universitetinin professoru Lyu Yunşen bildirib.

Ekspertlər isə bu biznesin faciəvi nəticələrini qabardırlar. Çinin Elmlər Akademiyasının professoru Çju Çaodun bildirib ki, hər hansı bir səhv ucbatından və ya zəlzələ, təbii fəlakət nəticəsində bu tarakanlar çölə qaçarlarsa, insanlar üçün böyük təhlükə yaranacaq.