Ekspertlər çıxış yolunu nədə görürlər?
Bu gün öz aktuallığını itirməyən problemlərdən biri uşaqların erkən yaşlarda istifadəsinə başladıqları mobil telefon aludəçiliyi və bunun onların gələcəyinə vurduğu ziyanlardır. Ümumtəhsil məktəblərində direktor və müəllimlərin, ailədə valideynlərin xəbərdarlığına,qadağalarına, iradlarına baxmayaraq hazırda məktəblilərin əksəriyyəti bu virtual problemdən azad ola bilməyiblər.
Hər gün yenilənən son model telefonlar, müxtəlif oyun proqramları, sosial şəbəkələr, yaşları ilə mütənasibləşməyən şəkil və videolar, yeniyetmələrin və gənclərin ayrıla bilmədikləri virtual dünyanın əsas simvollarıdır. Bu simvollar ki, onlardan hədsiz dərəcədə çox istifadə etmək və aludəçisi olmaq məktəblilərə mənfi təsir göstərir və onlarda zamanla assosiallıq xüsusiyyətini formalaşdırır.
Mövzu ilə bağlı ekspertlərin rəylərini öyrəndik.
Təhsil eksperti Kamran Əsədov: “Orta məktəblərdə təhsilin keyfiyyətinə mənfi təsir göstərən vasitələr ilə bağlı “Ümumi təhsil haqqında” yeni qanun layihəsində müəyyən təkliflər yer alıb. Dünya ölkələrində təhsilin keyfiyyətinə mənfi təsir göstərən vasitələrin qarşısının alınması üçün müxtəlif təcrübələr var. Bizdə də belə bir qadağa əvvəllər bir neçə məktəbdə tətbiq olunub. Amma bu, valideynlərin narazılığına səbəb oldu. Onlar bildirdilər ki, biz öz övladımızla əlaqə saxlamaq istəyirik. Nəticədə həmin məktəblərdə yenidən mobil telefondan istifadəyə icazə verildi. Dünyanın əksər qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur. Albert Eynşteyn deyirdi ki, mən atomu ona görə kəşf etmədim ki, insanlar ondan bomba düzəldib bir-birini məhv etsinlər. Həmçinin texnologiyaların inkişafının da müsbət tərəfi çoxdur. Amma bu o demək deyil ki, onlardan ifrat dərəcədə istifadə edilsin. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin əksəriyyəti məktəbdə, küçədə, evdə bütün günü əllərindəki telefona aludə olublar. Bunun nəticəsidir ki, bu gün “Mavi balina” kimi təhlükəli oyunlar meydana çıxıb. Hesab edirəm ki, belə məsələlərin həlli üçün yeni metodlar olmalıdır. 2018-ci ildə Fransa hökuməti orta məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağanı nəzərdə tutan qanun qəbul etdi.Hesab edirəm ki, bu, düşünülmüş qərardır. Bir çox inkişaf etmiş ölkələrdə məktəblərin girişində telefonla danışmaq imkanını məhdudlaşdıran xüsusi qurğular quraşdırılıb. Bütün hallarda məktəblədə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, ümumiyyətlə təlim-tərbiyə prosesinə mənfi təsir edir. Bu qərar bizdə də qəbul olunsa, çox yaxşı olar. Fikrimcə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir. Digər bir zəruri addım isə məktəblərin yaxınlığından qəlyanxanaların dərhal yığışdırılmasıdır. Bu məsələdə ictimaiyyətin, özəlliklə də valideynlərin dəstəyi vacibdir. Nəhayət ki, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Rusiyanın Təhsil Nazirliyi də bu cür qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib. Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı”.
Həkim pediatr Günay Rəsulova: “Xüsusi həyacan siqnalı verərək, şiddətlə tövsiyə edirik ki, ilk 2 yaşında uşaqlar gündə heç 5 dəqiqə belə telefondan istifadə etməməlidirlər. Onlar üçün mobil vasitələr qətiyyən doğru deyil. Çünki ilk yaşlar - uşaqların ən sürətli beyin və nitq inkişaf etdiyi dövrüdür Günün çox saatını telefondan istifadə edən bu yaş uşaqlarda ,xüsusi bir nitq geriliyi , ətraf mühitə qarşı maraqsızlıq, diqqətsizlik problemləri yaranır. Onlarda nitq gecikmələri olur və vaxtında deməli olduğu sözləri demirlər. Belə uşaqlar, hətta, autizmli uşaqlara bənzədilir. 2 yaş üstü uşaqlarda isə məhdud olaraq gündə 20-30 dəqiqə telefondan istifadə icazə verilir. Bu uşağın gələcəkdə görmə problemi olmaması üçün vacibdir. Əks halda bu uşaqlarda konnuktiva xəstəlikləri riskini artırır. Belə ki, şüalanan gözdə konnuktiva qişası daim quruyur, belə uşaqlarda gözqırpma hərəkətlərinə, gözdə quruluq, yaşarmalara və tez-tez təkrarlanan infeksiyalara səbəb olur. Oturaq həyat tərzi,az hərəkətli olmaq, iştahsızlıq yaradır.Uşaq hərəkət edərək kolorini sərf etməlidir ki, növbəti qida vaxtına qədər acsın. Əgər hərəkətsiz oturarsa, növbəti yeməkdən imtina edəcək və qidaya tələbat olmayacaq. Telefonla oynaya- oynaya, oturaqlı qidalanma isə piylənmə, artıq çəki, gələcəkdə də insulin dirənci və şəkərli diabet, ürək qan-damar xəstəlikləri təhlükəsini artıracaq. Telefonda izlədikləri cizgi filmi, kino, musiqi çox həyəcanlandırıcı, qorxuducu olarsa bu onların həyat şəraitinə ciddi mənfi təsir edəcək. Onlar supermən olmağa, o qəhrəmanların yerinə özlərini qoymağa, empati qurmağa çalışırlar. Belə olduqda dəfələrlə, uşaqların çox təhlükəli addım atma cəhdlərini müşahidə etmişik.Belə ki, “mən supermənəm”- deyə pəncərədən atlayan uşaqlar və ya atlamasına əngəl olunan hallar dəfələrlə olub. Ona görə də, telefondan izlənilən materiallar yaş həddi ilə eyniləşdirilməlidir.
Tətil vaxtı övladlarımızı maraqlı özfəaliyyətlərə cəlb etmək lazımdır. Məktəblilərə isə maraqlı kitabları oxumağa sövq etmək lazımdır Kitabın insanın dünyagörüşünün, intellektual səviyyəsinin inkişafında necə mühüm rolu olduğunu izah etmək lazımdır və mümkün qədər, sağlam gələcək naminə uşaqları elə ilk yaşlardan zərərli vərdişlərdən maksimum dərəcədə qorumaq lazımdır” .
Psixoloq, pedaqoq Zeynəb Əyyubova: “Uşaq doğulduğu gündən etibarən telefonla birəbir rabitədə olur. Artıq uşaq bu templə həyata davam edir, əlinə telefon aldığı dövrdən, yəni 6 aylığından etibarən də cizgi filmləri, reklamlar, kliplər uşaqların bilavasitə əsas həyat faktoruna çevrilir. 2-3 yaşında uşağı diaqnostoka edirik, görürük normaldan geri qalıb. Nitq ləngiməsi, nitqdə geriləmə problemi olur.Uşaq o qədər ünsiyyət qurmur və telefona bağlı olur ki, artıq uşağın inkişafında problem olur. Alimlərin fikrincə uşağın 3 valideyni var: ata, ana və ana -ata münasibəti. Amma deyərdim ki, bu gün uşağın 4-cü valideyni də mobil telefondur.
Uşaqları telefondan necə uzaqlaşdıra bilərik? Əgər sizin uşağınız iki saatdan çox, dayanmadan telefonla məşğul olursa, onda onu azaltmaq üçün hər gün 15 dəqiqə endirmə yolu ilə siz bu zamanı yavaş-yavaş qısalda bilərsiniz. Bunun alternativində isə ona nəsə verməlisiniz. Uşağın anası, atası, dostu marağı hər şeyi telefondur və siz birdənbirə bunu onun əlindən alırsınız. Bəs müqabilində ona nə verəcəksiniz? Qəfil telefonun uşağın əlindən alınması onu travmaya salır. Pis vərdişlər və davranış pozuntusu yaranır. Asılılıqdan azad olmaq üçün, ilk olaraq valideyn uşaq yanında telefondan istifadəsini minimuma endirməlidir. Çünki uşaq dediyimizi deyil, gördüyünü təqlid edir və uşaq nə görürsə, baxıb o hərəkəti təkrarlayır.
Yaqut Aslanova