Dəri insan orqanizminin ən nəhəng orqanı hesab olunur. O? qoruyucu və istilik tənzimləmə rolu oynayır. Dəri reseptorlarının köməyi ilə biz dünyanı hiss edə bilirik. Lakin bizlər ömürlük “ geyimimiz” haqqında olan maraqlı məlumatlardan xəbərsizik.
Yuxarıda qeyd etdiyimiz kimi, dəri insan orqanizmində ən nəhəng orqan hesab olunur. Onun səthinin orta sahəsi 1,5- dən 2 kvadrat metrə qədər təşkil edir. İnsan bədəninin müxtəlif yerlərində dərinin qalınlığı və hissiyatı müxtəlif olur. Ən qalın dəri ayaqların altında və əlin ovuc hissəsində, ən nazik dəri isə göz qapaqlarında olur.
Bizə soyuq olanda və ya hansısa bir yaxşı musiqiyə qulaq asanda və s. bədənimizdə sadə dillə desək tüklərimiz ürpərir. Bu ürpərmə orqanizmin rudimentar reaksiyasıdır.
Hər bir kəs ömründə bir dəfə də olsun duş qəbul edəndən sonra və ya müəyyən bir vaxt ərzində əlləri suda olanda əl və ayaq dərisinin qırışmış şəkildə olduğuna diqqət yetirib. Belə bir təzahür insan dərisinin sukeçiriciliyi ilə əlaqədardır. Belə ki, dərinin səthi yağ təbəqəsi ilə örtülü olur və biz uzun müddət su ilə təmasda olduğumuz zaman toxumadan xarici yağ təbəqəsi nazikləşir, su dəri hüceyrələrinə daxil olur və qabarma baş verir.
İnsan dərisi daima təzələnir. Belə bir proses regenerasiya prosesi adlanır. Yeni dəri epidermis toxumasında təxminən 28 - 30 günə əmələ gəlir. Səthi dəri isə geyim ilə və ya su ilə təmasda olduğu zaman tökülməyə başlayır, yerinə isə təzə dəri gəlir. Ayda bir dəfə insan dərisinin tərkibi tamamilə dəyişir.
Yenidoğulanlarda regenerasiya prosesi daha tez olur. Uşaqlarda “dəri dəyişməsi” 72 saat ərzində baş verir.
Hamıya məlum olan bir fakt odur ki, ətrafda olan toz dənəciklərinin 2/3 hissəsini ölü dəri hüceyrələri təşkil edir. Hər dəqiqə dərimiz 30 000 qədər ölü dəri hüceyrəsi itirir. Həyat boyu isə hər bir insan 100 kiloqrama yaxın “köhnə dəri” itirir. Ölü dəri hüceyrələrinin milyon tonu atmosferə uçur.
Daha bir maraqlı fakt odur ki, ağ dərili insanlar çox qədim dövrdə deyil, təxminən 20 - 50 min il bundan qabaq meydana çıxıb. Buna səbəb isə Şimala miqrasiya edən insanlarda melanin piqmentinin bir hissəsinin yox olmasıdır. Lakin hələ indiyə qədər ağ dərili insanlar (albinoslar) demək olar ki, nadir görünürlər. Yalnız 110 000 insandan biri albinos olur.