Noyabrın 29-da Bakı Slavyan Universitetində (BSU) Türk Dünyası Qadın Platformasının (TÜRKAP) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə, Qırğızıstan və Şimal Kipr Türk respublikalarının (ŞKTR) bir qrup qadın deputatlarının, rəsmilərinin Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib. Görüşdə YAP Qadınlar Şurasının üzvləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf (AK) Partiyasından olan deputatı Mihrimah Belma Satır, TBMM-nin müşaviri Şəbnəm Çıldır, qurumun aparatının beynəlxalq əlaqələr və protokol şöbəsinin məsul əməkdaşı Didəm Hastürk, ŞKTR-nın parlamentinin deputatı Rəsmiyə Canaltay, TÜRKAP-ın təsisçiləri Mehriban Alışanova, İlhamə Novruzova və Zaid Nəhmətov, Qırğızıstan parlamentinin üzvü Elvira Surabaldiyeva və başqaları iştirak ediblər.
Qonaqlar əvvəlcə BSU-nun foyesində “Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan, türk və slavyan ölkələrinin milli rəqslərindən ibarət tolerantlıq rəqsinə tamaşa ediblər.
Sonra YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları qəbul edib. O, Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada tutduğu mövqedən danışıb və ölkəmizin dünyada multikulturalizm, sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzi kimi tanındığını bildirib. N.Əliyeva müasir dünyada bütün insanlığın əsas məqsədinin sülh və əmin-amanlıq olmasının vacibliyini vurğulayıb.
N.Əliyeva daha sonra ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Azərbaycanın münaqişənin sülh yolu ilə həll etməyə çalışdığını, bununla belə ölkəmizin problemin müharibə yolu ilə həll etmək iqtidarında olduğunu da vurğulayıb.
Söhbətin davamında rektor Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolundan da söz açıb. Onun sözlərinə görə, Azərbaycan dövlətinin uğurlu qadın siyasətinin nəticəsində ölkə qadınları ictimai həyatın bütün sahələrində fəal iştirak edir, o cümlədən Yeni Azərbaycan Partiyasında təmsil olunurlar.
Eyni zamanda, Türkiyənin qadın dövlət rəsmilərinin ölkəmizə səfərini Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının bariz göstəricisi kimi dəyərləndirən N.Əliyeva bu münasibətlərin bütün dünyaya örnək olduğunu diqqətə çatdırıb. Türkiyə ilə həmrəylik məsələləri barədə danışan Nurlana Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurasının fəaliyyətinin əsas prinsipi qadın həmrəyliyinin sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir: “Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, xalqlarımız və cəmiyyətimiz hər zaman bu mövqedən çıxış edərək biri-birinin köməyinə çatıblar”.
Görüş zamanı Mihrimah Belma Satır çıxış edərək, səmimi qəbula görə Nurlana Əliyevaya minnətdarlığını bildirib. Türkiyə Cümhuriyyəti rəhbərliyinin Azərbaycana salamlarını çatdıran türkiyəli deputat Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dinamikasına əlavə güc qatdığını xüsusi vurğulayıb.
Görüşün sonunda TÜRKAP və türkiyəli qonaq tərəfindən BSU-ya hədiyyələr təqdim olunub.
Ceyhun Piriyev,
Vüsal Cahanov (foto), “İki sahil”