11 dekabr 2018 14:22
1707

Limon şirəsinin faydaları

Bildiyimiz kimi, dəri bədənimizin xarici örtüyüdür. Bədəni müxtəlif mexaniki təsirlərdən qoruyur. Biz də onu qorumaq üçün müxtəlif üsullara əl atırıq. Təbii, kosmetik, texniki vasitələr və s. Günümüzdə kosmetik vasitələrin bahalığı və faydalarından əlavə ziyanları da olduğu üçün insanlar, ən əsas da qadınlar təbii vasitələrə üz tuturlar. Bu təbii vasitələrdən biri də limon suyudur. Limonun  insan orqanizminə çox faydası var. Lakin limonun üz dərisinə olan faydalarından bəhs edəcəyik.

Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir. Tərkibində olan antibiotik maddələr dəridə olan mikrobları yox etdiyi üçün sızanaqları, qara nöqtələri azaldır.

Limonun hüceyrələri bərpaedici xüsusiyyəti də vardır. Bu xüsusiyyəti  yaraların, müxtəlif səbəblərdən yaranan çapıqların sağalmasında faydalıdır.

Əgər dəriniz çox yağlıdırsa, yağlılığı azaldır, dərini qurudur, dəri məsamələrini azaldır.

Limonun tərkibi “C” vitamini ilə zəngin olduğu üçün dəridəki soyuqdəyməni sağaldır, həmçinin dərini cavanlaşdırır, qırışların əmələ gəlməsinin qarşısını alır.

Modern Hospitalın Dermatologiya şöbəsinin həkimi, kosmetoloq Nailə Cabbarova “Iki sahil”ə açıqlamasında limonun faydaları haqqında danışdı. Bildirdi: “Limon vitamin və mineralarla zəngin olduğu üçün üz dərisinə də çox faydaları var. Üz dərimizə limon suyunu sürtdükdə ləkələri yox edir, sızanaqları qurudur və qara nöqtələri azaldır. Limonun dəriyə olan faydası tərkibində olan antioksidantlardır. Antioksidantların miqdarı limonda yetərincə boldur ki, bu da dəriyə xüsusilə faydalıdır. Nə qədər limonun faydalarını bilsək də alimlərimiz tərəfindən onun haqqında araşdırmalar davam edir “

Həmçinin limondan sızanaqlar üçün maskalar da hazırlanır. Limon şirəsinə uşaq pudrasını əlavə edərək kremə oxşar maddəni sızanaqların üstünə vuraraq, ya da istəsəniz bütün üzünüzə çəkərək sızanaqlardan qurtula bilərsiniz.

Röya Bədəlova