Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvətidir. Dil xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır.
1921-ci ildə ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə Əlifba komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi.
1926-cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan hadisə idi.
1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi.
1995-ci il noyabrın 12-də isə müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapmışdır.
Bakı Slavyan Universitetinin dosenti Firuzə Kərimova “İki sahil” ə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, dilimiz çox zəngin dildir. Bunu əcdadlarımızın yaradıcılığında görmək mümkündür: “Yazıçı və şairlərimizin müxtəlif janrlarda yazdığı əsərlər dilimizin zənginliyinin sübutudur. Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalmışdır. Bu dəyişikliklərə baxmayaraq müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür. Dövlətimizlə yanaşı biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Bunun üçün yazılı və şifahi dilimizdə müəyyən qaydalara əməl etməliyik. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.”
Röya Rasimqızı