14 dekabr 2018 18:08
1663

Paşinyan Qarabağda HÜCUMA BAŞLADI

İrəvan və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejim arasında ziddiyyətlər getdikcə dərinləşir. Nikol Paşinyanın parlament seçkilərdindən sonra separatçı rejimdə həyata keçirməsi gözlənilən dəyişikliklər artıq rəsmiləşir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı Levon Mnasakanyan vəzifəsindən azad edilib.

Bu barədə separatçı rejimin başçısı Bako Saakyanın “fərman” imzaladığı deyilir. Levon Mnasakanyan separatçı rejimin “fövqəladə vəziyyətləri üzrə dövlət xidmətinin direktoru” təyin edilib.

"Baş qərargah rəisi” Karen Abramyan “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı təyin edilib. Cəlal Arutyunyan isə “baş qərargah rəisi” olub.

Murad Petrosyan isə Bako Saakyanın “xüsusi tapşırıqlar üzrə nümayəndəsi” vəzifəsindən azad olunub. Onun yerinə Karen Sarkisyan gətirilib.

Xatırladaq ki, “Qraparak” qəzeti ötən gün separatçı rejimdə ediləcək dəyişikliklərin anonsunu vermişdi.

Qəzetin məlumatına görə, həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və separatçı qurumun rəhbəri Bako Saakyanın müşaviri Arşavir Qaramyan vəzifəsindən çıxarılacaq.

Bu şəxslərin Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın qəzəbinə düçar olduğu bildirilir. Məsələ burasındadır ki, adıçəkilən şəxslər Nikol Paşinyanın yaxın adamlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid ediblər.