04 yanvar 2019 10:47
2732

ikisahil.az yeni ildə yeni dizaynda

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutan və öz dəst-xətti ilə seçilən “İki sahil” qəzetinin “ikisahil.az” saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və  təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. Ayrı-ayrı sahələr üzrə görülən işlərin, əldə olunan uğurların konkret bölmələrdə yerləşdirilərək, tez və asan şəkildə oxuculara çatdırılması təkmilləşmənin, yeniləşmənin, ən əsası daim qeyd etidiyimiz kimi, yeni texnologiyaların  uğuru, perspektividir.

Yeni saytda diqqəti cəlb edən  əsas yeniliklərdən biri də  qəzetimizin təsisçisi,  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına  davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının  fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində  yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir.

Uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. “İki sahil” qəzetinin yeni ildə yeni tərtibatda saytla oxucularının görüşünə gəlməsi  demokratik cəmiyyətin əsas atributlarından biri kimi dəyərləndirilən mətbuatın təkmilləşməsini, yeniləşməsini, operativliyi fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsinin təzahürüdür.

Qeyd etdiyimiz kimi, yeni sayt müasir tələblərə uyğun olaraq sadə, zövqlü, eyni zamanda, maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizayndan əlavə, saytın məzmununda da yeniliklər diqqətçəkəndir. Əvvəlki dizaynda mövcud olan  bölmələr də ümumiləşdirilərək  istifadəçilərə təqdim olunub. Belə ki, quruluş və məzmun baxımından müasir texnologiyaların  tələblərinə cavab verən yeni saytda “Siyasət”, “Ordu”, “SOCAR”, “İqtisadiyyat”, “Analitika”, “Sosial”, “Mədəniyyət” “Dünya”, “Maraqlı”, “İdman”, “Köşə”, “Qan yaddaşı” bölmələri  yer alıb. İstifadəçilər bu bölmələr vasitəsilə 27 ildən artıq  müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı sahələr üzrə   dünəninə, bu gününə və sabahına baxış olmaqla operativ məlumatları əldə edə bilərlər.