08 yanvar 2019 11:13
1512

Televiziya haqqında nələri bilmirik?

Televiziya ən vacib və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.  Yarandığı gündən etibarən cəmiyyətin inkişafında önəmli rol oynayıb. Televiziya insanları gündəlik xəbərlərlə məlumatlandırır, əyləndirir və öyrədir. Bu məqaləmizdə sizləri televiziya ilə bağlı çoxlarının bilmədiyi maraqlı faktlarla tanış edəcəyik.

- 1969-cu ildə Amerika hökumətinin üzvü tərəfindən televerilişlərə ayrılan vəsaitin azaldılması barədə qərar qəbul olunur. Məşhur aktyor və teleaparıcı Fred Rocers Vaşinqtona yollanaraq Senatı fikrindən daşındırmağa səy göstərir. Onun əsaslı çıxışından sonra hakimiyyət nəinki xərcləri azaltmaq, əksinə verilən vəsaiti iki dəfə çox artırmaq qərarına gəlir.

- Ən bahalı reklam çarxı fransız brendi olan “Chanel”ə çəkilib. Nikol Kidmanın iştirakı ilə çəkilən reklam çarxına nə az, nə çox düz 44 milyon dollar vəsait ödənib.

- Bizlərdən çoxu bir qayda olaraq rəngli yuxular görürük. Lakin ağ-qara televizorların dövründə yaşayan insanların əksəriyyəti yuxularını da ağ- qara görürlər.

- Televiziyanın yaradıcılarından biri amerikalı Filo Teylor Farnsuort olub. Lakin buna baxmayaraq o öz övladlarına televizora baxmağı qadağan edib. Səbəbini isə orada baxmaq üçün elə də maraqlı nə isə olmadığını  bildirib.

- İngilislər televiziyadan istifadə etdikləri üçün “BBC”-yə vergi ödəməlidirlər. Belə ki,  rəngli kanallara baxmaq istəyənlər il ərzində 140 funt, ağ-qaraya baxmaq istəyənlər isə 50 funt pul ödəməlidirlər. Məhz elə  bu səbəbdən televiziya mobil telefon və kompyuterlərdən geri qalır.

- Reklama çəkilmək üzrə rekorda sahib olan adamın adı Deyv Tomasdır. O, məşhur “Wendy`s” restoranlar şəbəkəsinin banisidir. 1989-cu ildən başlayaraq Tomas təxminən 800 reklam rolikində iştirak edib.

- ABŞ-da ilk tele-şou ruhlar haqqında olub. Şouda aktyorlar qorxunc qrimlər qrimlənərək qorxulu hekayələr danışırdılar.

- İlk dəfə canlı yayımda pianinoda çaldığı əsərlə yayımlanan amerikalı bəstəkar Erl Uayld olub. Məhz elə o,  ilk dəfə internetdə onlayn-konsert verib.

- Statistikaya görə, hər bir amerikalının televizor qarşısında keçirdiyi zaman 15 ilə bərabərdir.

- “Top Gear” adlı Britaniya televerilişi dünyanın ən məşhur avtomobil verilişi hesab olunur.