17 yanvar 2019 10:31
3943

Bədənimizdəki elektrik necə yaranır?

“Mən elektrik keçirməsindən yaman əziyyət çəkirəm. Əlimi hara vururamsa elektrik keçirir. Sintetik və yun paltarlar geyinəndə daha çox cərəyan keçirir” kimi sözləri çox eşidirik.

Yəqin ki, hər birimiz işdə qapının cəftəsinə toxunarkən, evdə xalça üzərində gəzərkən, sintetik və yun paltarlar geyinərkən müəyyən vaxtlarda bu vəziyyətlə qarşılaşmışıq. Bəs bunun səbəbi nədir? Nə üçün insanlarla və ya hər hansı əşya ilə təmas qurduqda bizi cərəyan vurur?

Alimlər insandan insana və yaxud hər hansı bir əşyaya toxunan zaman yaranan elektriki statik elektrik adlandırırlar. Statik elektrik insan bədəninin səthində yığılan elektrik yüküdür.  İnsan bunu öz bədənində hər zaman hiss edə bilər, lakin  xüsusilə qış aylarında yun və sintetik geyimlər geyinən insanlarda bu gərginlik daha çox artır. Əgər insan bədənindəki elektrik yükü torpağa ötürülməzsə, bu zaman insan üzərində gərginlik artır və keçirici əşya ilə təmasda olduqda elektrik bədəndən çıxır. Bədəndəki statik elektriki keçirici maddələrə və ya hər hansı bir insana toxunduqda enerji qarşı tərəfə keçir. Bununla da bədəndəki elektrik çölə atılmış olur. Bu təmas zamanı orqanizmdə elektrik boşalması baş verir. Bizim şahid olduğumuz cərəyan vurma hissi də məhz bu zaman yaşanır.

Araşdırmalara görə, bədənimizdəki statik enerjinin ilk kəşfi təxminən 2000 il əvvələ gedib çıxır. Belə ki, ilk dəfə yunan alim Thales kəhrəba ilə parçanın bir-birinə sürtünməsi ilə kiçik qığılcımların çıxdığını görüb və iki cismin sürtünməsi ilə ortaya çıxan statik elektrik ilk dəfə bu şəkildə müşahidə edilib. Statik enerji şimşək çaxması nəticəsində meydana gəlir və insanlara təsir edərək onların orqanizmlərində və əşyalarda toplanır. Xüsusilə daim kompyuter arxasında iş görən insanlar bu enerji toplanmasına daha çox məruz qalırlar. Bu enerjini bədənimizdən atmadıqda hər hansı bir əşyaya toxunduğumuz zaman çölə çıxır.

Statik elektrik gərginliyindən qurtulmaq üçün torpaqda və hər hansı beton üzərində tez-tez yalın ayaqla gəzmək və su ilə tez-tez təmasda olmaq lazımdır. Xüsusilə dənizə girmək, duş qəbul etmək bu enerjini insan bədənindən çıxarır. Bacardığınız qədər altı rezin ayaqqabılardan və sintetik paltarlardan uzaq durmaq lazımdır.

Qeyd edək ki, statik enerji durğun enerji olduğu üçün insan orqanizminə ciddi fəsadlar yaratmır. Bu enerji insana əsasən qorxduğu üçün psixoloji cəhətdən zərər verə bilər.