Qulaqcıqların tarixi: 1910-cu ildə Nathaniel Baldwin ilk modern qulaqcığı istehsal etməyə başladı. Onun hazırladığı qulaqcıq indiki qulaqcıqlara daha çox oxşayırdı. 1979-cu ildə isə qulaqcığın yaranma tarixində ən vacib hadisələrdən birini, “Sony” MDL-3L2 yaranmasını qeyd etmək lazımdır. Onun yaranması ilə qulaqcıq daşınabilən əşyaya çevrildi. 1997-ci ildə “Sony” firması qulaqcığın boyuna taxılan formasını istehsal etdi. 2001- ci ildə iPod-ın istehsalı musiqi dünyasına böyük təsirlə nəticələndi. Artıq qulaqcığı cibə qoyub, istənilən yerdə istifadə etmək imkanı yarandı.
Qulaqcıqların həddindən artıq istifadə olunması insanda mənfi psixoloji təsirlər yaradır. Psixoloq Zeynəb Eyyubova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, psixoloji nöqteyi-nəzərdən yanaşsaq qulaqcıqlar haqqında qəti qərar yoxdur. Lakin həddindən artıq qulaqcıq taxmaq, dayanmadan qulaqda gəzdirmək beyindəki sinir qıcıqlarını oyadır: “Birbaşa əsəb sistemimizin pozulmasına səbəb olur. İnsanları daha əsəbi edir. Adi hadisəyə belə əsəbi şəkildə reaksiya verilir. Həmin şəxslər kiçik problemləri belə böyütməyə başlayırlar. Görünüş olaraq da aqressiv şəkil alırlar. Bəzən isə cəmiyyət içində lazım olmadığı təqdirdə qulaqcıq taxan insanları görürük. Bu onlarda artıq vərdiş halını alıb. Belə insanlar təkliyə meyilli olurlar. Onlarda getdikcə asosiallıq yaranır. Özünəqapanma, insanlardan uzaq gəzmə, mükalimə istəksizliyi ən əsası da ünsiyyət qurma problem yaradır”. Psixoloq, həmçinin əlavə etdi ki, yatan vaxtı qulaqcıq taxmaq, elə o vəziyyətdə də yuxuya getmək çox ziyanlı vərdişdir: “Xüsusən də yüksək səsdə saatlarla qulaqcıqda yatmaq yuxu sisteminizin pozulmasına səbəb olur. Tövsiyəm odur ki, təkcə qulaqlığın deyil, ümumiyyətlə, heç nəyin aludəçisi olmayın.”
Psixologiya ilə yanaşı, qulaqların sağlamlığına mühüm yan təsirləri olduğu da danılmazdır. Təbii ki, bu haqda mütəxəssis fikirləri, onların aydınlıq gətirdiyi xüsusi məqamlara nəzər yetirməkdə də fayda var. Lor plastik cərrahı İlqar Əzimov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, qulaqcıqdan müntəzəm istifadə xüsusən də gənclərdə adət halını alıb. Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zaman keçdikcə alışqanlıq halını alır və onlara vacib əşya kimi baxırlar. Bəzən yüksək səslə və uzun müddət qulaqcıqdan istifadə edirlər. Bu da qulağımızın sağlamlığına ziyan vurur: “Normal eşitmə üçün 30 desibel səs yüksəkliyi kifayətdir. 110 desibelə qalxdıqda isə eşitmə orqanı üçün təhlükəli haldır. Qulaqcıqlarda isə səsin yüksəkliyi 120 desibel olur. Bu isə kifayət qədər narahatedici məqamdır. Sanki düz qulağımızın dibində təyyarə uçur. Səsin səviyyəsi o həddə çatır. Ona görə də 85 desibel şiddətindəki səslərə 8 saatdan, 88 desibel üçün 4 saat, 91 desibel üçün 2 saat və 100 desibel üçün 15 dəqiqədən artıq qulaq asmağı tövsiyə etmirəm. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri böyükdür. Uzun davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu yaradır. Sinirlər zədə gördüyü üçün eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı istifadə etmək məcburiyyətində qalacaq. Ümumiyyətlə, nə qədər yüksək amplitud, o qədər aşağı eşitmə səviyyəsidir. Bəzən insanlar tək qulaqda istifadə edirlər. Bu, tibbi cəhətdən düzgün deyil. Bu zaman qulağın biri tam yüklənir. Digəri isə sərbəst qalır. Bu isə eşitmə sistemindəki tarazlığı pozur. Qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək olmaz.” İlqar Kazımov, həmçinin əlavə etdi ki, ən təhlükəli vakum qulaqcıqlardır. Çünki onlar birbaşa qulaq pərdəsinə təsir edir. Uzun müddət qulaqda saxladıqda isə pərdəni gərgin vəziyyətdə saxlayır. Davamlı olaraq qulaqcığın bu növündən istifadə olunması eşitmə orqanımızın 3-4 il sonra tamamilə zədələnməsinə səbəb olur. Kanal içi qulaqcıqlar, başüstü qulaqcıqlardan daha aşağı səviyyələrdə səslə təmin olunduqları üçün daha etibarlı hesab edilir. Qulaqcıq seçilərkən çöldən ən az səs alan qulaqcıqlara üstünlük verilməlidir. Ekspert onu da qeyd etdi ki, hər qulağın ölçüsünə uyğun qulaqcıq seçib istifadə etsəniz daha yaxşı olar: “Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Heç bir firmaya aid olmayan, ucuz qulaqcıqlar satılır ki, onlar, qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan, original adlandırdığımız qulaqcıqlardan istifadə etsinlər. Necə deyərlər: “Ucuz ətin şorbası olmaz”.
Otolarinqoloq, lor Elşən Hacıyev isə “İki sahil”ə bildirdi ki, qulaq daxilinə taxılan, xüsusi sintetik maddələrdən hazırlanan qulaqcıqlar sağlamlıq üçün ən zərərli hesab olunur: “Uzun müddət qulaqcıqdan istifadə olunması, qulağın daxilində səsi qəbul edən müxtəlif xırda sinirlərdən ibarət ibliz aparatı onun daxilindəki sinirləri zədələyir. Səsqəbuledicilər mənfi dəyişikliyə uğrayır. Bu da xüsusən axşam vaxtı qulaqda küy əmələ gəlməsinə, zəif eşitmə hallarına səbəb olur. Ekspert qulaqcıqlardan istifadə zamanı əməl etməli olduğumuz gigiyena qaydalarından da bəhs etdi: “Elə əşyalar var ki, hər kəsin individual istifadə etməsi məqbul sayılır. Qulaqcıqlar da həmin əşyalar siyahısına aiddir. Onlardan istifadə etdikdən sonra qulaqcıq, onun kənarları, rezinləri, qulağa daxil olan hissəsi mütləq spirtlə təmizlənməlidir. Bu, gigiyenik sağlamlıq baxımından da çox önəmlidir. Bu baxımdan da spirt, xüsusi dezinfeksiyaedici məhsullardan yararlanmaq lazımdır. Hər kəsin şəxsi qulaqcığı olmalıdır. Onu kiminləsə bölüşməyinizi tövsiyə etmirəm. Tərəflərdən hansında qulaq göbələyi varsa, digərinə keçəcəyi danılmaz bir faktdır. Tibbdə çox tez-tez müşahidə olunur. Məsləhətim budur ki, ortaq qulaqcıqlardan istifadə edənlər iltihab, göbələk, qaşınma əleyhinə olan “Triderm” mazından istifadə etsinlər. Mazı yüngül qat şəklində qulaqcığın üzərinə çəkib işlətməyiniz daha məqsədəuyğundur.”
Göründüyü kimi, qaydasında istifadə etmədikdə əksər hallarda özümüzə “dost” hesab etdiyimiz qulaqcıqlar sonradan “düşmənimiz” olur. Yol gedərkən, xüsusən nəqliyyatın çox olduğu yerlərdə qulaqcıqdan istifadə qəzalara səbəb olur. Bu zaman sürücüdən çox piyadada günah olur. Çünki bu zaman səsin yüksəkliyi, səsləndirilən musiqi piyadanın əsas diqqətini yayındırır. Dəfələrlə edilən xəbərdarlıq siqnalının onlar üçün əhəmiyyəti olmur. Hər halda bütün günahları sürücülərdə görmək də doğru deyil. Piyadalar da diqqətli olmalıdır. Çünki yolda məsuliyyət yarı-yarıya bölünür. Hər qəzada sürücüləri, günahlandırmayaq, piyada olaraq öz məsuliyyətimizi dərk edək!
Yaqut Ağaşahqızı, “İki sahil”