Fevralın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirildi.
SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli tədbir iştirakçılarını salamlayaraq 2015-ci il ərzində SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı İRD-nin fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış etdi. A.Bəkirli təqdimatında ümumilikdə İnsan Resursları Departamentinin fəaliyyəti haqqında 2015-ci il üzrə olan statistik məlumatlar, həyata keçirilmiş layihələr, təhsil və karyera imkanları, vətəndaşların qəbulu və işçilərlə əlaqələr, qarşıya çıxan problemlər, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, qarşıda duran vəzifələr və gələcəkdə görüləcək digər işlərlə bağlı mövzulara toxundu.
SOCAR-ın təqaüd proqramları barədə ətraflı məlumat verən A.Bəkirli vurğuladı ki, SOCAR-ın Xarici Təqaüd Proqramı prioritet ixtisaslar üzrə kadrların hazırlanması və Şirkətin kadr ehtiyacının ödənilməsi məqsədilə xaricdə təhsil almaq arzusunda olan gənclərə xaricdə oxumaq imkanı yaradır: «Xarici təqaüd proqramlarında uzmanlıq, magistr və bakalavr dərəcələri üzrə 2006-2015-ci illər ərzində ümumilikdə 268 iştirakçı olmuşdur. Onlardan 225 nəfəri məzun olmuş, 43 nəfər tələbə isə təhsillərini davam etdirir. 2015-ci ilə olan göstəricilərə əsasən 24, təqaüdçü bu proqrama qoşulmuşdur, onlardan 17-si Böyük Britaniya, 3-ü Fransa və hər birində bir təqaüdçü olmaqla ABŞ, Kanada, İsveç və İtaliyanın öndə gələn universitetlərində Şirkətin hesabına təhsil alırlar.»
A.Bəkirli diqqətə çatdırdı ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən Daxili Təqaüd Proqramı çərçivəsində yüksək göstəricilərinə malik olan tələbələrə aylıq təqaüd təyin etmişdir: «Daxili Təqaüd Proqramı çərçivəsində 2004-2015-ci illər ərzində 18 seçim müsabiqəsi keçirilmiş, 16 min nəfərdən çox tələbə müraciət etmiş və ümumilikdə 1841 tələbə SOCAR təqaüdçüsü adına layiq görülmüşdür. 2015-ci ilə olan rəqəmlərə baxdıqda, məlum olur ki, 2628 müraciətdən 134-ü test və müsahibə mərhələlərini keçərək Daxili Təqaüd Proqramında qalib gəlmişdir ki, onlardan da 73-ü daha öncə SOCAR təqaüdçüsü olmayanlardır. Tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, real iş şəraiti ilə yaxından tanış olmaları və nəzəri biliklərinin təcrübədə tətbiqi məqsədilə nəzərdə tutulan layihə çərçivəsində hər ilin yay fəslində 10 gün müddətini əhatə edən "Yay Məktəbi" təşkil olunur. Layihə çərçivəsində təlimlər, ekskursiyalar keçirilir və layihənin sonunda müsabiqə nəticəsinə görə komandalar şəklində Şirkətin xaricdəki nüməyəndəliklərinə 1 həftəlik səyahət təşkil olunur. 2015-ci ilin statistik göstəricilərinə nəzər salsaq görərik ki, "Yay Məktəbi" layihəsində iştirak etmək üçün 558 tələbə müraciət etmişdir, onlardan 50-si iştirak etməyə müvəffəq olmuşdur.»
Sonra İRD-nin rəisi SOCAR-ın 2010-cu ildən etibarən həyata keçirdiyi "Ödənişli Yay Təcrübəsi" Proqramı, neft sənayesi üçün peşəkar fəhlə kadrlarının hazırlanması barədə ətraflı məlumat verdi: «Hər il olduğu kimi, 2015-ci il ərzində də ixtisaslı fəhlə kadrlarının hazırlanması məqsədilə SOCAR-ın Təlim mərkəzlərinə şagird qəbulu həyata keçirilib. 2015-ci il ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərinə 923 nəfər müraciət edib, onlardan 163 nəfəri Kadr Hazırlığının Təşkili Mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə, 62 nəfər isə Sumqayıt Təlim, Tədris Mərkəzinə seçilmişdir. Ümumilikdə, SOCAR-ın Təlim mərkəzlərinə 2012-ci ildən başlayaraq 5310 nəfər müraciət etmişdir.»
A.Bəkirli işə qəbulla bağlı statistik göstəricilər, vakansiya üzrə müraciətlər, əməyin ödənilməsi dərəcəsinin artırılması, İRD tərəfindən baxılmış müraciətlər haqqında, regionlarda işə qəbul ilə bağlı, gələcəyə dair planlar, proqrama qoşulmuş sərbəstləşən işçilər haqqında, insan resurslarının idarə edilməsi üzrə gələcək planlar barədə məlumat verdi. Departament rəhbəri vurğuladı ki, regionlarda əlavə iş həcmlərinin olmasını nəzərə alaraq, bir il müddətində həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib: «Beləliklə, 6509 nəfərin işə cəlb olunması qərara alınıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - "Azəriqaz" İB (5196 vakant yer), "Qaz İxrac" (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib. Qısa müddət keçməsinə baxmayaraq artıq həmin iş yerləri üzrə "Azəriqaz" İstehsalat Birliyinə 5 108 nəfər, "Qaz İxrac" İdarəsinə 877 nəfər, Nəqliyyat İdarəsinə isə 313 nəfər işə qəbul olunmuşdur.»
Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının rəhbərləri mövcud problemlər, təmsil etdikləri qurumlarla əməkdaşlıq sahəsində müxtəlif təkliflərlə çıxış edərək SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı Şirkətin İnsan Resursları Departamentinin fəaliyyətini yüksək qiymətləndirdilər.
Jurnalistlərə açıqlama verən SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən Dövlət Neft Şirkətinin rəhbərliyinin göstərişi ilə bir nəfərin bilik və bacarıqları nəzərə alınmaqla işə qəbul olunacağını bildirdi: «Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək.» A.Bəkirli onu da qeyd etdi ki, bununla yanaşı, SOCAR həmin şəxslərin ailələrinə yardımlar verir. Hazırda itkin düşən neftçilərin axtarışları SOCAR, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən davam etdirilir.
Orxan Vahidoğlu, «İki sahil»