Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mərasim gerçəkləşib. Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, ziyalılar, Azərbaycan və Türkiyənin tanınmış elm və iş adamları iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra tədbiri açan ATİB-in İdarə Heyətinin üzvü Avni Demirçi 27 il əvvəl Xocalıda erməni hərbi birləşmələri tərəfindən törədilən qanlı faciənin əslində dinc əhaliyə qarşı yönələn dəhşətli soyqırımı olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı qətliamının yaşandığı 26 fevral tarixinin əsla unudulmamasının vacibliyini vurğulayıb: “XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Tarixdəki yaxşı günlər kimi pis günlərə də sahiblənələrək bunların bir daha təkrarlanmaması üçün nələr edilməsinə diqqət yetirmək lazımdır. Türkiyə və Azərbaycan acısını da, kədərini də birlilkdə paylaşaraq lazımi dərsləri birlikdə çıxarmalıdır. Keçmişimizi öyrənmək və unutmamaq çox önəmlidir. Bizlər hər zaman Azərbaycanı “Bir millət, iki dövlət” olaraq gördük və bütün addımlarımızı bu dəyərli anlayışa uyğun olaraq atırıq və atacağıq”.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımından və bu faciənin başvermə səbəblərindən söz açıb. Tarixi həqiqətləri diqqətə çatdıran H.İsaxanlı erməni separatçılarının tarix boyu daim Azərbaycan ərazilərinə iddia etdiyini xatırladıb.
Anadolu Universitetinin ədəbiyyat fakültəsinin tarix bölməsinin nümayəndəsi Mehmet Topal Xocalı soyqırımının heç bir zaman unudulmayacağını qeyd edib, bu faciəni törədənlərin gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib.
Bakı Dövlət Universitetinin tarix kafedrasının dosenti, “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” kimi beynəlxalq aləmdə ermənilərin cinayətkar niyyətlərini ifşa edən sanballı tədqiqatın müəllifi Boran Əziz bildirib ki, bu faciə heç bir vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır.
Anım mərasimində 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının başladıldığı tədbir iştirakçılarına xatırladılıb.
Sevinc Abdullayeva, “İki sahil”