Uzun zamandır ki, tibb elmi darıxdırıcı bir sahə olmaqdan çıxaraq, həm də maraqlı kəşflər ilə məşhurlaşmağa başlayıb. Tibb də artıq texnologiya kimi bir yerdə dayanmır, hər gün yeni bir şey icad edilir, çünki müasir klinikalar ən son texniki avadanlıqlar tələb edirlər. Aşağıda son onillikdə hazırlanmış, çox maraqlı və qeyri-adi texnologiyalarla tanış ola bilərsiniz.
Ambulans dron, pilotsuz təcili yardım
Təcili yardım maşınının hərəkət sürəti ilə müqayisədə pilotsuz dron hadisə yerinə daha tez çata bilir. O bütün lazımi avadanlıqlarla təchiz edilib, tibbi ləvazimatlara və kameraya malikdir. Bəzilərində hətta defibrillyator da var. Hər aparat bir həkimlə əlaqə yarada bilir və uzaq məsafədən həmin həkim ilkin diaqnoz qoyur, xəstənin ətrafındakılara ona necə kömək etmək barədə göstərişlərini verir.
İnsan qanının immitasiyası
Uzunmüddətli təcrübələr nəticəsində alimlər nəhayət ki, əsl qanın əvəzləyicisini işləyib hazırlayıblar. Bu qan əsl qanın fizioloji və fiziki xüsusiyyətlərinə tamamilə uyğun gəlir. Əsas özəllikləri bunlardır: normal bədən temperaturunu, siqnal maddələrini hormon şəklində saxlayır, orqanların və sistemlərin düzgün işləməsinə şərait yaradır və toxumaları qida ilə təmin edir. Bundan əlavə, bədənin digər həyati funksiyalarını təmin edir, məsələn, su balansını normallaşdırır, immun sisteminin stabil fəaliyyətini nizamlayır.
Ən maraqlısı isə odur ki, süni qan bütün qan qruplarına və növlərinə uyğun gəlir. Ondan istifadə zamanı heç bir əlavə analizə, yoxlamaya ehtiyac yoxdur. Hazırda bu qanın bazarda qiyməti 450 millilitr üçün 150 avro təşkil edir.
İstehsal həcmi və sərhədləri genişləndirilərsə, qiymətinin də düşəcəyi, daha əlçatan olacağı güman edilir.
Tibbi avtomat
Bəzi narkotik maddələrdən hələ qədim zamanlardan tibbdə istifadə edilir. ABŞ-da belə maddələrin satışı məqsədi üçün xüsusi təchiz edilmiş avtomat aparatlar yaradılıb. Lakin ondan istifadə üçün qabaqcadan müalicə həkiminin möhürlü icazəsi tələb olunur.
I-Limb - smartfonla idarə olunan protez
Protezlər öz istifadə sferasını əhəmiyyətli dərəcədə genişləndirib. Son istehsal olunan “I-Limb” protezini təkcə əzələ vasitəsilə deyil, həm də smartfonla idarə etmək olur. Onu yalnız istifadəçisi öz telefonuna yükləməlidir. Protezin klaviaturada mətn yazmaq, ayaqqabının bağlarını bağlamaq, əşyaları gətirmək və s. kimi iyirmi dörd funksiyası var.
Nubar Süleymanova, “İki sahil”