09 aprel 2019 10:13
3025

Qədəmlərin uğurlu, gələcəyin işıqlı olsun

Azərbaycanın 10 milyonuncu sakini dünyamıza gəlişi ilə təkcə ailəsinə deyil, bütün xalqımıza sevinc bəxş etdi

Xoşbəxt o adamdır ki, evində xoşbəxtdir. Həyata gözünü yenicə açmış, Azərbaycan xalqına 10 milyonuncu vətəndaş sevincini yaşadan şansa sahib balaca Mehribanı iki qat xoşbəxt adlandırmaq olar. Çünki müdriklərin söylədiyi kimi, xoşbəxt ulduz altında dünyaya gələn bu qız bütün Azərbaycan xalqının sevincinə səbəb olub.

Ölkəmizin 10 milyonuncu sakini adını qazanan Mehriban Bakı şəhərində yaşayan valideynlərinə- (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) Rauf Həsənova və Nigar Ocaqovaya ilk övlad səadətini yaşatdı. Sevincli günlərimizdə daim yanımızda olan qardaş Türkiyənin mətbuatında yazılan “Azərbaycan xalqının nüfuzu 10 milyona çatdı” xəbəri də Ocaqovları sevindirən xoş taleli qıza dost xeyir-duası oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını, yeni doğulmuş körpənin valideynlərini, yaxınlarını təbrik etdilər.

Cənab İlham Əliyev dəfələrlə qeyd edir ki, müstəqilliyimiz illərində qazanılan uğurlarımızdan ən önəmlisi ölkədə demoqrafik inkişafın yüksəlişi, hər cür qayğı ilə əhatə olunan əhalinin sayının artmasıdır. Ölkədə sağlam cəmiyyətin formalaşması, ailə institutunun təkmilləşdirilməsinin nəticəsi olan əhalinin say artımı, eyni zamanda, Azərbaycanda iqtisadi inkişaf, sabitlik və vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində illərdən bəri aparılan sosial islahatların məntiqi nəticəsidir. İqtisadi böhran illərində bir çox ölkələrdə müşahidə olunan əhalinin sayında azalma prosesindən fərqli olaraq respublikamızda demoqrafik artım statistik rəqəmlərdə də əksini tapır. Dayanıqlı inkişaf şəraitində uğurlar qazanan Azərbaycan müsbət demoqrafik göstəriciyə görə də Cənubi Qafqazın lider ölkəsidir.

Ölkədə sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatların davamlı proses kimi diqqətdə saxlanılması əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verməklə vətəndaşların artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi həqiqi mənada xalqımıza böyük sevinc bəxş etdi. Bu münasibətlə rayonlarda konsertlər, ağacəkmə kampaniyaları təşkil edilib. Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub.

Adı Mehriban olan 10 milyonuncu körpənin nənəsi, Xırdalan şəhərindəki 7 saylı məktəbin ibtidai sinif müəllimi Solmaz Ocaqova ilə əlaqə saxlayıb ailələrinə gözaydınlığı verdik. Solmaz xanım bildirdi ki, aprelin 6-da dünyaya gələn, Azərbaycanın 10 milyonuncu sakini Mehriban Ocaqovlar ailəsinin üçüncü qız övladıdır:

- Əvvəla, son aylarda həyata keçirilən sosial islahatlar üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlıq edirəm. Körpələrə daim diqqətlə yanaşan Mehriban xanım Əliyevanın insanlara göstərdiyi dəstəyi yüksək qiymətləndirərək körpənin adını Mehriban qoyduq. İstəyimiz odur ki, balaca Mehriban da xalqımıza, Vətənimizə layiq övlad kimi böyüsün. İnanırıq ki, balaca Mehriban da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını hiss edəcək. Məcburi köçkün kimi dövlətimizin diqqət və qayğısını daim hiss etmişik. Son günlərdə dövlət başçımızın davam etdirdiyi siyasətə uyğun olaraq həyata keçirilən islahatların müsbət nəticələrini ailəmizin bütün üzvləri hiss edir və bunun üçün cənab İlham Əliyevə təşəkkürlərini bildirirlər:

- Ailəmizdə xoş xəbərləri qoşa eşitməyə adət etmişik. Son aylarda köçkünlərə dövlət tərəfindən göstərilən qayğının sevincini yaşadığımız məqamda ailəmizin sayının artması biz Ocaqovlara daha çox əhval-ruhiyyə bağışladı. Atalar deyiblər ki, qız övladı evin xeyir-bərəkəti, gözəlliyidir. 2019-cü il gəlişi ilə ailəmizə üçqat sevinc bəxş etmişdir. Belə ki, bu ilin fevralında oğlum Bilalın ekiz qızları- Nihal və Nihan dünyamıza qədəm qoydu. Aprelin 6-da qızım Nigarın övladı, Azərbaycanın 10 milyonuncu sakini, balaca Mehriban dünyaya gəlişi ilə tək ailəmizə deyil, bütün Azərbaycan xalqına sevinc bəxş etdi. Bir nənə kimi özümü dünyanın ən bəxtəvər insanı hesab edirəm. Bu münasibətlə ailəmizin sevincinə şərik olan bütün insanlara təşəkkür edirəm. Xüsusilə gəlinimə və qızıma ana, mənə isə üçüncü dəfə nənə sevincini yaşadan Rübabə həkimə minnətdarlığımı bildirirəm. 

Xırdalan şəhərindəki 7 saylı məktəbdə müəllim işləyən Mehribanın anası Nigar Ocaqovanın ana kimi sevinci hədsizdir. Nigar xanım bildirdi ki, respublikamızda ana və uşaqlara göstərilən diqqəti ilk gündən hiss edirəm. Bu sevinci mənə yaşadan Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdaram.

...Dünyamıza yenicə qədəm qoyan, süd qoxulu, muncuq gözləri ilə yaxınlarına səadət bəxş edən Mehriban hələ balacadır. İllər keçəcək, bu fidan böyüyəcək, körpə çağlarında , məktəb illərində dövlətin qayğısı ilə əhatə olunacaq. Hansısa ixtisasa yiyələnərək, həyatın enişli-yoxuşlu yollarında özünəməxsus cığır açacaq, Vətəninə xidmət edəcək. İllər dəyişəçək, Mehribanın adı ilə qoşa çəkiləcək “Azərbaycan xalqının 10 milyonuncu sakini” şansı ona əbədi şöhrət qazandıracaq. Hələlik isə bu körpəyə gələcək həyatının daha uğurlu olması üçün xeyir-dua verir, dünyamıza “Xoş gəldin” deyirik. Qədəmlərin mübarək! Nəsibin daim mavi səma, qismətin bol sevinc, ruzi-bərəkət, ömrün uzun olsun! Həmişə adına layiq övlad kimi tanınasan, Mehribanımız!

Xuraman İsmayılqızı, “İki sahil”